Şri-Lankada sentyabrın 21-də keçirilmiş prezident seçkisinin ilkin nəticələrinə görə sosial-demokrat alyansının namizədi Anura Kumara Dissanayake qalib gəlib.
"Unikal" xəbər verir ki, Şri-Lankanın Mərkəzi Seçki Komissiyası səslərin sayılmasından sonra heç bir namizədin tələb olunan 50 faizdən çox həddi keçə bilmədiyini açıqlayıb. Qanunvericiliyə uyğun olaraq ən çox səs toplamış 2 namizəd - Anura Kumara Dissanayake (42,31 faiz) və müxalif Birləşmiş Xalq Gücü blokunun lideri Sacith Premadasa (32,76 faiz) üçün səslərin 2-ci mərhələdə sayılması həyata keçirilib. Belə ki, qaydalara əsasən, seçicilər seçki bülletenində 3 namizədi qeyd edə bilərlər. Əgər tələb olunan səsi yığan olmasa, onda 2-ci mərhələ olaraq seçicilərin səsvermə bülletenində 2-ci və 3-cü seçimləri ən çox toplamış 2 namizədin xeyrinə sayılır. İkinci mərhələdə Anura Kumara Dissanayake qalib olub. O, növbəti 5 il müddətinə ölkəyə rəhbərlik edəcək.
Yeni seçilən prezidentin qarşısında, ilk növbədə, ölkəni ağır iqtisadi vəziyyətdən çıxarmaq vəzifəsi duracaq. Onun andiçmə mərasiminin sentyabrın 23-də təşkil olunacağı bildirilir.
Qeyd edək ki, prezidentlik vəzifəsi uğrunda 38 nəfər mübarizə aparıb. Onlar arasında ən çox şanslı olanlar hazırkı Prezident Ranil Vikramasinqhe, müxalif Birləşmiş Xalq Gücü blokunun lideri Sacith Premadasa, Milli Xalq Hakimiyyəti alyansının lideri, parlamentin deputatı Anura Kumara Dissanayake hesab olunurdu.