Sentyabrın 23-dən Qarabağ Universitetində ilk dərs günü başlanıb.
"Unikal" xəbər verir ki, rektor Şahin Bayramov Qarabağ Universitetinin ilk tələbələrini salamlayaraq yeni tədris ilini açıq elan edib.
Ş.Bayramov tələbələrə yeni dərs ilində uğurlar arzulayaraq bildirib ki, burada təhsil alan gənclər Qarabağ Universitetinin ilk tələbəsi olmaqla, həm də Qarabağ Universitetinin ilk məzunu olmaq şansını qazanıblar.
Rektor vurğulayıb ki, tələbələr universitetin və bütövlükdə regionun inkişafında fəal rol oynayacaqlar.
Qeyd edək ki, Qarabağ Universitetinə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünasliq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.