Sosial mediadan istifadə gənclərdə narahatlıq, depressiya və yemək pozğunluğu riskini artırır. Bu səbəbdən 16, hətta 18 yaşdan kiçik uşaqlar üçün belə onlayn platformalara giriş tamamilə qadağan edilməlidir.
"Unikal" xəbər verir ki, bunu Britaniya Milli Səhiyyə Xidmətinin psixiatrı Maks Pemberton yerli KİV-ə müsahibəsində deyib.
Pemberton bəzi sosial media şirkətlərinin gücləndirilmiş valideyn nəzarəti ilə "yeniyetmə hesabları" yaratmaq üçün son addımlarını alqışlayır, lakin tədbirlərin qeyri-kafi olduğunu deyir. Onun fikrincə, əsas problem sosial şəbəkələrin məzmununda və xüsusilə həssas gənclər arasında aludəçilik yarada bilməsindədir.
Həkimin sözlərinə görə, uşaq və yeniyetmələrin belə onlayn platformalardan istifadə etməsi onlarda depressiya və təşviş pozğunluqlarının inkişaf riskini xeyli artırır. Bundan əlavə, sosial şəbəkələr tez-tez anoreksiya və bulimiya kimi yemək pozğunluqlarına səbəb olan əlçatmaz görünüş standartlarını yayımlayır.
Həkim 16 və hətta 18 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinin tamamilə qadağan edilməsini müdafiə edir. Mütəxəssis qeyd edir ki, bu cür məhdudiyyətlər İT şirkətlərinin qaydaları ilə deyil, qanunla müəyyən edilməlidir. Pembertonun sözlərinə görə, sonuncuların istifadəçilərin sayını artırmaqda aşkar kommersiya maraqları var. Həkim onu da qeyd edir ki, daimi olaraq onlayn dünya ilə məşğul olmaq yeniyetmələrin diqqətinin sürətinə, onların cansıxıcılıq və məyusluğun öhdəsindən gəlmək qabiliyyətinə mənfi təsir göstərə bilər.
Gülayə Mecid