Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq- xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxslər- Əliyev Nadir Lətif oğlu və Həsənov Alik İbadulla oğlunun məhkəmə prosesinin sonuncu iclası keçirilib.
"Unikal"ın məlumatına görə, təqsirləndirilən şəxs Alik Həsənov son sözlə çıxış etdikdən sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hakim Fərid Namazov hökmü elan edib. Təqsirləndirilən şəxslər- Əliyev Nadir Lətif oğlu 178.4-cü maddəsi ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 7 il cəza, 70-ci maddə tətbiq edilməklə 3 il sınaq müddəti, Həsənov Alik İbadulla oğlu isə 178.4-cü maddəsi ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 7 il müddətinə azadlıqdan məhrum edilib. İttihamda olan 32. 4 və 312-ci maddələrinə xitam verilib.
Qeyd edək ki, Nadir Əliyev şərti cəza aldığı üçün məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, dövlət ittihamçısı Eldar Məmmədov bu ilin may ayında ittiham nitqi ilə çıxış edərək hər iki şəxsin 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Həmçinin məlum olub ki, təqsirləndirilən şəxslər zərərçəkən şəxslərə heç bir ziyan ödəməyib.
Xatırladaq ki, Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun həmin klubun istifadəsində olan keçmiş “Məhsul" stadionu adlanan ərazinin satışı adı altında sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirmələri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müraciətlər daxil olub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69 D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarlardan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmə aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.
Qeyd edilən hallarla bağlı toplanmış ilkin sübutlar əsasında Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham elan edilərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, cinayət işində 5 nəfər- Vəlixanov Yusif Vəlixan oğlu, Rüstəmov Elçin Ənvər oğlu, İsmayılov Rauf Ağa- Musa oğlu, Umbatov Dadaş Adil oğlu və Zülfüqarov Həbib Sahib oğlu zərərçəkmiş qismində tanınıb.
Seymur Əli