VII çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin çıxışı yalnız ölkəmizin deyil, bütövlükdə regionun inkişafının və təhlükəsizliyinin habelə bölgədə stabil sülh və sabitliyin yol xəritəsi hesab olunmalıdır. İkinci Qarabağ müharibəsi və suverenliyimizin tam bərpa edilməsi dünya miqyasında tarixi hadisədir.
VII çağırış Azərbaycan Respublikasının Milli Məclisi ölkəmizin tarixində Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan bütün suveren ərazilərini əhatə edən seçkilərlə formalaşmış ilk parlamentdir. Bu baxımdan, parlamentin ilk iclasında dövlət başçısının verdiyi bəyanatlar tarixi, siyasi və strateji hədəflərə çatmaq üçün xüsusi əhmiyyət kəsb edir. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır. Hazırda həm ölkəmizdə, həm də regionumuzda yaranmış yeni reallıqlar aydın şəkildə göstərir ki, düşünülmüş, qətiyyətli, prinsipial və milli maraqlara əsaslanan siyasət, bacarıqlı və səmərəli idarəçilik, cəmiyyətin vahid məqsəd və milli ideya ətrafında sıx birliyi və həmrəyliyi sayəsində ən mürəkkəb məsələlərin həllinə nail olmaq mümkündür. Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının növbəti mərhələsinə qədəm qoymuşdur. Yeni dövrdə qarşıda duran strateji vəzifələrimiz müstəqilliyimizi, əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirmək, Azərbaycanı davamlı və dayanıqlı inkişaf edən ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərinin, Böyük Qayıdışın davam etdirilməsi, təhlükəsizliyin təmin olunması və müasir ordu quruculuğu, qabaqcıl elmə və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşdırılması, cəmiyyətin rifahının yüksəldilməsi, dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, müstəqil xarici siyasət sayəsində Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi, cəmiyyət həyatında şəffaflığın və ictimai iştirakçılığın, həmçinin ölkədə mövcud siyasi dialoqun dərinləşdirilməsi, zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qorunması və digər məsələlər həyata keçirilən siyasətin prioritet istiqamətləri olacaqdır.
Azərbaycan tarixinin çox mühüm dövrünə yekun vuruldu. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qüdrətli sərkərdəliyi, müdrik siyasəti ilə xəyal kimi görünən arzularımızı həqiqətə çevirdi. Ancaq təssüf ki, Azərbaycanın bu uğurlarını istəməyən, regionda sülh və təhlükəsizliyi pozmaq, gərginlik və qeyri stabillik yaratmağa cəhd edən xarici qüvvələr öz məkrli əməllərini müxtəlif iyrənc yollarla həyata keçirmək istəyirlər. Prezident İlham Əliyevin Milli Məclisinin ilk iclasında çıxışında da qeyd etdiyi kimi: “Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur - bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı silahlı birləşmələr yaradılmışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir.” Təbii ki, dövlətçiliyimizin möhkəmlənməsi, qorunması və inkişaf etdirilməsi naminə dövlət başçımızın apardığı qətiyyətli və uğurlu siyasətin həyata keçirilməsi işində də parlamentarilər olaraq həmişə olduğu kimi var gücümüzlə çalışağıq. Cənab İlham Əliyev uzaqgörən siyasəti ilə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli inkişaf konsepsiyasını böyük müvəffəqiyyətlə davam etdirərək, onu yeni layihələrin tətbiqi və dərin islahatlar strategiyası ilə daim irəliyə aparmaqla ölkəmiz daha böyük uğurlar qazanacaq, yeni zirvələr fəth edəcəkdir. Bu yeni tarixi epoxada məhz İlham Əliyev kimi böyük siyasətlə yüksək idarəçiliyi, qətiyyət və geniş elmi dünyagörüşünü özündə cəmləşdirən görkəmli bir dövlət xadiminin Azərbaycana rəhbərlik etməsi ölkəmizin və xalqımızın tarixi şansıdır.
Milli Məcisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov