Bakıda "İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi" mövzusunda konfrans və sərgi keçirilib.
"Unikal" xəbər verir ki, Beynəlxalq Operativ Dəyirmançılar Assosiasiyasının Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası ilə birgə təşkil etdiyi konfransda müxtəlif ölkələrin dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatların nümayəndələri, aqrar sahədə çalışan mütəxəssislər və ekspertlər də iştirak edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, hazırda dünyada qlobal iqlim dəyişikliyinin fəsadları getdikcə artır və bu təsirlər kənd təsərrüfatı sektorunda daha qabarıq şəkildə görünür. Belə ki, son illərdə kənd təsərrüfatı istehsalçıları kəskin quraqlıqla müşahidə olunan, qışı mülayim keçən təsərrüfat mövsümlərini yaşayır. Müasir çağırışlar fonunda torpaq və su resurslarından səmərəli istifadə, resursqoruyucu yanaşmaların tətbiqi, ətraf mühitin mühafizəsi və dayanıqlı təsərrüfatçılıq ənənələrinin formalaşmasına xüsusi önəm verildiyini deyən nazir Məcnun Məmmədov ölkəmizdə aqrar sektorda fermerlərə dəstək üçün müxtəlif növ subsidiya və kredit mexanizmlərinin mövcud olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Nazir Məcnun Məmmədov əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən aqrar islahatlar çərçivəsində kənd təsərrüfatı sahəsinə dövlət dəstəyi mexanizmləri daim təkmilləşdirilir, bu mexanizmlər üzrə müvafiq dəstək tədbirlərinin həcmi mütəmadi olaraq artırılır.
Tədbirdə çıxış edən Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib ki, qlobal iqlim dəyişikliyinin müşahidə edildiyi indiki dövrdə ərzaq təhlükəsizliyinin təmin edilməsi, iqlim dəyişikliyinin təsirlərinin azaldılması və kənd təsərrüfatının dayanıqlı inkişafı qarşıda duran əsas vəzifələrdəndir.
Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri Səbuhi Sadıqov öz növbəsində ərzaq təhlükəsizliyinin təmin olunması məsələsinə toxunub. O qeyd edib ki, taxıl, xüsusilə ərzaqlıq buğda istehsalı ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Agentlik rəhbəri vurğulayıb ki, ölkəmizdə dövlət ehtiyatlarının yenilənməsi və idarə edilməsi, taxıl istehsalı və emalı, logistik infrastrukturun genişləndirilməsi istiqamətində zəruri dəstək tədbirləri həyata keçirilir.
Tədbirdə çıxış edən natiqlər iqlim dəyişikliyi və təbii ehtiyatların tükənməsi, yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması, aqrar sahənin rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi, əhalinin sürətli artımı, dəyişən istehlak tələbləri, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması, ərzaq və qida təhlükəsizliyinin təmin olunması məsələlərinə toxunublar. Yerli və xarici mütəxəssislər torpaqların mühafizəsi, biomüxtəlifliyin qorunması, su resurslarından səmərəli istifadə, müasir texnologiyaların tətbiqinə əsaslanmaqla iri taxılçılıq təsərrüfatlarının yaranması, məhsuldarlığın artırılması, buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, emal sənayesinin inkişafı ilə bağlı öz fikirlərini bölüşüblər.
"İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi" mövzusunda keçirilən konfrans və sərgi sabah başa çatacaq.