“COP28-də BƏƏ Konsensusu vacib nailiyyət əldə edib və qarşıda duran fəaliyyət üçün güclü zəmin yaradıb.
"Unikal" xəbər verir ki, bu sözləri COP29-un Prezidenti Muxtar Babayev BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində “Qlobal Bərpa Oluna Bilən Enerji Sammiti 2024”də çıxışı zamanı deyib.
O bildirib ki, enerji keçidlərinə dair çağırışları yerinə yetirmək üçün gələcəyin bərpaolunan enerji sistemləri sürətlə genişləndirilməlidir. “COP29 Fəaliyyət Gündəliyi enerjiyə böyük diqqət yetirir və biz Dubayda qəbul edilmiş qərarlar əsasında bərpaolunan enerjiyə keçidin həyata keçirilməsini sürətləndirmək üçün bir sıra təşəbbüslər hazırlamışıq. Yaşıl Enerji Zonaları və Dəhlizlər Bəyannaməsi investisiyaları təşviq etmək, iqtisadi artımı stimullaşdırmaq və bərpaolunan enerjinin inkişafı sahəsində regional əməkdaşlığı təşviq etmək məqsədi daşıyır. Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi çərçivəsində əsas məqsəd qlobal enerjinin saxlanılması potensialını 2022-ci il ilə müqayisədə altı dəfə artıraraq 2030-cu ilə qədər 1500 giqavata çatdırmaqdır. O, həmçinin şəbəkələrə investisiyaların həcmini artırmağı və 2040-cı ilə qədər enerji şəbəkəsinə 80 milyon kilometrdən çox əlavə etməyi öhdəsinə götürür. Bu, bərpaolunan enerjinin effektiv saxlanması və etibarlı ötürülməsi üçün adekvat saxlama qabiliyyətinin və şəbəkələrin dayanıqlığının təmin edilməsində vacib olacaq”,- deyə COP29 Prezidenti deyib.
Muxtar Babayev, həmçinin Hidrogen Bəyannaməsi barədə məlumat verərək bildirib ki, bu təşəbbüs təmiz hidrogen və onun törəmələri üzrə qlobal bazarın potensialından istifadəni təmin etmək məqsədi daşıyır. Onun sözlərinə görə, sadalanan təşəbbüslər BƏƏ Konsensusunun həyata keçirilməsində növbəti addımların bir hissəsini atmaq məqsədi daşıyır: “Bu təşəbbüslər həm də COP29 Sədrliyinin ambisiyaları artırmaq və fəaliyyətə təkan prioritetlərini dəstəkləyir. Ambisiyaları artırmaq üçün biz bütün tərəfləri 2025-ci ilin fevral ayına qədər 1,5 dərəcəyə uyğunlaşdırılmış Milli Müəyyən edilmiş Töhfələri təqdim etməyə çağırırıq”.