Hər il Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Avropada keçirilir. Ötən il Avropada keçirilən son görüşümüzdə beynəlxalq konfransın təmsilçiliyi Azərbaycana verildi. Bugünkü tədbirdə 150 nəfərdən çox qonağımız var.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi İlqar Musayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə belə tədbir keçirilir və bunun davamı olmalıdır.
“Bu sahədə ölkədə təkcə bizim qurum yox, həmçinin digər müvafiq qurumlar da belə tədbirlər keçirməlidir ki. Çünki bu sahədə mütəxəssislərə böyük ehtiyac var. Bizim XRİTDX olaraq dövlət orqanlarından informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik ilə bağlı müəyyən tələblərimiz var. Bu tələbləri yerinə yetirmək üçün onlarda kadr çatışmazlığı var. Bu kadr çatışmazlığının aradan qaldırılması üçün hər bir dövlət orqanının səyi olmalıdır ki, sahəni inkişaf etdirək”, - deyə İlqar Musayev vurğulayıb.