Quduzluq ağır infeksion zoonoz, yəni heyvanlardan-heyvanlara və ya insanlara keçən xəstəlikdir. Kəskin virus mənşəli və mərkəzi sinir sisteminin iltihabi, degenerativ və nekrotiki zədələnməsi ilə səciyyələnir. Xəstəliyə yoluxma quduz heyvanların dişləməsi, cırmaqlaması və ya zədələnən dəri, selikli qişaya heyvanların ağız suyunun təması nəticəsində baş verir.
"Unikal" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri vəzifəsini icra edən Aytəkin Qurbanova deyib.
Quduzluq xəstəliyinin ağır əlamətlərlə xarakterizə olunduğunu bildirən A.Qurbanova qeyd edib ki, heyvanlarda gizli, inkubasiya dövrü 10 gündən 3-8 həftəyə qədər davam edir. İnkubasiya dövründən sonra heyvanda oyanma, ağız suyu axması, qusma, sudan qorxma əlamətləri meydana çıxır. Heyvanlar gizli dövrün sonunda (xəstəlik təzahürlərindən 2-10 gün əvvəl) yoluxucu olur.
İnsanlarda quduzluğun gizli dövrü əsasən 1-2 ay davam etsə də, bir həftəyə qədər qısala, 3-4 aydan bir ilə qədər uzana bilər. Gizli dövrün müddəti xəstənin yaşından, immun sisteminin vəziyyətindən, zədələnmənin növündən (cırmaqlama, dişləmə, tüpürcəkləmə) və lokalizasiyasından asılıdır. Belə ki, uşaqlarda və dişlənmə nahiyəsi nə qədər mərkəzi sinir sisteminə yaxın olarsa, xəstəliyin inkubasiya dövrü bir qədər qısa olur.
İlk olaraq xəstəlik zədə və ya yara yerinin birbaşa narahat etməsi ilə başlayır. Xəstədə depressiv hal və yuxunun pozulması əlamətləri müşahidə olunur. Bədənin hərarəti subfebril olur. İkinci mərhələdə qıcolmalar, spazmlar, işıqdan və sudan qorxma (hydrofobiya), psixomotor oyanma əlamətləri müşahidə edilir. Üçüncü mərhələdə isə, xəstə hərəkətsizləşir, bədənin hərarəti 40 dərəcəyə qədər qalxır, xəstə komatoz və paraliç vəziyyətinə düşür.
A.Qurbanova Azərbaycanda heyvan dişləmələri ilə bağlı statistik məlumatları açıqlayaraq deyib: “Respublika üzrə 2024-cü ilin ötən dövründə 29 min 489 heyvan dişləməsi qeydə alınıb. Bunlardan 16 min 334 hadisə məlum heyvanlar (it, pişik), 13 min 155 hadisə naməlum heyvanlar (it, pişik, siçovul) tərəfindən olub. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin keçən dövrü ərzində heyvan dişləməsinə məruz qalanların sayı 800 nəfər azalıb. Heyvan dişləməsinə məruz qalanların quduzluğa qarşı antirabik vaksinlə əhatə olunması təmin edilib. Hazırda tibb müəssisələrində kifayət qədər antirabik vaksin var. Qeyd edim ki, 2024-cü ilin müvafiq dövründə quduzluq hadisəsi qeydə alınmayıb”.
Mütəxəssis virusun istiqanlı heyvanların bir çox növləri, həm vəhşi, həm də ev heyvanları üçün patogen olduğunu vurğulayıb: “Xəstəlik törədicisinin mənbəyi xəstə ev heyvanları (əsasən it və pişiklər) və vəhşi heyvanlar (canavar, tülkü, çaqqal, porsuq, skuns, yenot və digər) hesab olunur. Yarasalar və gəmiricilərin rezervuar olaraq xəstəliyin yayılmasında rolu böyükdür. Sahibi saxladığı heyvanı baytar həkimi müayinəsindən vaxtında keçirilmədiyi, peyvəndlərini vaxtı-vaxtında almadığı təqdirdə və quduzluğa yoluxan heyvanla təmas olduğu halda, məlum heyvanında quduzluğa yoluxması baş verə bilər”.