Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən obyektdə yanğının ətrafa yayılmasının qarşısı alınıb.

Bu barədə "Unikal"a FHN-dən məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

"Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə ətrafa yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb. Mebel və taxta materialları sexindəki yanğın yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb", - deyə məlumatda qeyd olunub.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***15:52

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində istehsalat müəssisəsində yanğın olması barədə ilkin məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Həmçinin bildirilib ki, yanğınla əlaqədar ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Əlavə məlumat veriləcək.