Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) paytaxtda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir. 

"Unikal" xəbər verir ki, bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Rumıniyanın Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş prokuroru Aleks Florantanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş prokuror Kamran Əliyev çıxış edərək bildirib ki, Rumıniya Azərbaycanın Avropa məkanında fəal əməkdaşlıq etdiyi ölkələrdəndir. Ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də məhz Rumıniya olub. Ötən müddətdə Azərbaycan və Rumıniya arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bunun da nəticəsində ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hazırda Azərbaycan və Rumıniya enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı, səhiyyə, mədəniyyət və digər sahələrdə uğurla əməkdaşlıq edirlər.

Ölkəmizin prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan danışan Kamran Əliyev müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın önəmindən danışıb, ölkələrarası təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən, eləcə də "Elektron prokurorluq" informasiya sisteminin (EPİS) hazırlanması və tətbiqindən bəhs edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror Kamran Əliyev, COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi - UNODC ilə birgə noyabrın 15-də “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil etdiyini bildirərək qonaqlara dəvət məktubunu təqdim edib.

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağında Rumıniyanın iştirakından məmnunluğunu ifadə edən Kamran Əliyev təşkilatın dünya prokurorlarının əməkdaşlığının gücləndirilməsi üçün mühüm beynəlxalq platforma olduğunu qeyd edib.

Aleks Florantan səmimi qəbula görə minnətdarlığını bildirərək 1 oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib, həmçinin Azərbaycanın prokurorluq orqanlarında həyata keçirilən islahatları yüksək qiymətləndirərək iki ölkə arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib. 

Daha sonra ölkələrimiz arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Görüşdə, həmçinin, Rumıniyanın ölkəmizdəki  fövqəladə və səlahiyyətli səfiri Vasile Soare də iştirak edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.