“Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması vacibdir. Azərbaycan dövləti regionun gələcəyi naminə qarşı tərəfə beynəlxalq hüquq normalarına əsaslanan sülh sazişini imzalamağı təklif edib. Uzun müddətdir ki, tərəflər arasında sülh sazişi layihəsi müzakirə olunur. Lakin Ermənistan və onun havadarları regionumuzun sabitlik məkanına çevrilməsində maraqlı görünmür”.
"Unikal" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ermənipərəst dairələrə rahatlıq vermir. Oktyabrın 3-də bir qrup ABŞ konqresmeninin Dövlət katibi Antoni Blinkenə müraciət edərək Azərbaycana qarşı qəbuledilməz mövqe ifadə etməsi, onların beynəlxalq hüquqa zidd olaraq işğalçı Ermənistanı və erməni separatizmini dəstəkləməsi buna nümunədir.
Millət vəkilinin sözlərinə görə, bu, Konqres üzvləri tərəfindən Azərbaycana qarşı yönəlmiş ilk belə davranış deyil. İndiyə qədər də bəzi konqresmenlər tərəfindən ölkəmizlə bağlı həqiqətdən uzaq bəyanatlar verilib, bəzi konqresmenlər hansısa qanun layihəsi təqdim edib, Konqresdə erməni maraqlarına xidmət edən dinləmələr keçirilib və s. Onlar Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa çalışırlar. Belə ədalətsiz yanaşmalara son qoyulmalıdır. ABŞ Konqresində bu tipli fəaliyyət Cənubi Qafqazda sülhə yox, gərginliyin yenidən alovlanmasına xidmət edir. Eləcə də, bütün bunlar Azərbaycan-ABŞ münasibətlərinin gələcəyinə ciddi zərbə vurur.
“Bu baxımdan, Milli Məclisin bir qrup deputatının Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova müraciəti tamamilə düzgün və məntiqlidir. Çünki ABŞ konqresmenlərinin, dolayısı ilə Dövlət Departamentinin Azərbaycana qarşı yönəlik fəaliyyəti özünün adekvat cavabını almalıdır. Əgər qarşı tərəf ölkəmizə münasibətdə böhtan kampaniyasını dayandırmazsa, deputatların müraciətlərində qeyd olunan sazişlərə yenidən baxılmalı və onlar ləğv olunmalıdır. Həmçinin, USAID-in ölkəmizdəki fəaliyyəti dayandırılmalıdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, heç kim bizimlə diqtə ilə danışa bilməz! Azərbaycan güclü dövlətdir və müstəqil siyasət həyata keçirir. Dövlətimizin mövqeyi beynəlxalq hüquqa əsaslanır. Heç bir qüvvə bizi haqq yolundan çəkindirə bilməz”,-deyə Samir Vəliyev vurğulayıb.