İstanbulda Ayşenur Halil və İkbal Uzuneri vəhşicəsinə qətlə yetirən və tarixi binadan atılaraq intihar edən qatil Semih Çelikin anası ilk dəfə danışıb.
"Unikal" xəbər verir ki, söhbətinə "Kaş, mən ölsəydim, o qızlar ölməsəydi" deyə başlayan qatil Semih Çelikin anası "Sabah" qəzetinə açıqlaması ilə diqqət çəkib.
Qadın oğlunun koronavirus pandemiyasından sonra özünü otağına qapatdığını bildirib:
"Oğlumu pandemiya zamanı itirdim. Qapını kilidləyib otağından çıxmırdı. Pandemiyadan sonra onu dəfələrlə həkimə apardım. Dedilər ki, heç nə yoxdur. Evə təcili yardım çağırdım, dedilər ki, təcili yardımlıq bir iş deyil. Çalışdım, yandım, qışqırdım, amma oğlumu sağalda bilmədim. Semihlə İkbalın görüş yeri onsuz da şəhər divarları idi. Həmişə orada görüşürdülər. Oğlumun vəziyyətini görəndə İkbalın ailəsinə məlumat verdim, qızınızı uzaq tutmağı xahiş etdim. Dedim ki, oğlum yaxşı deyil, qızınızı aparın. Onu məktəbdən köçürdülər, amma əlaqələri kəsilmədi. İkbal da keçən il həb qəbul edərək intihara cəhd edib. Bundan sonra bir müddət ayrıldılar, amma əlaqələri hələ də qaldı. O da Semihdən ayrıla bilmədi. Mən də anayam, heç kim istəməz ki, övladının başı qabağına atılsın. Mən öz ağrılarımı yaşaya bilmirəm. Məni heç kim başa düşmür, çox çalışdım, amma uşağımı xilas edə bilmədim. Çox ağrıyıram, oğlum günlərdir yerdə qalıb, amma o qızlara yazığım gəlir, çarəsizəm. Oğlumun problemini həll edə bilmədim, intihara meyilli idi, kaş intihar etsəydi".
Qadın hadisə günündən də söhbət açıb:
"Hadisə baş verən gün Semih mənə videozəng etdi. "Oğlum, nə edirsən, necəsən?" dedim. “Ana, mən yaxşıyam, Ayşənur yanımdadır, danışmaq istəmir” dedi. Bir az söhbət etdik və o telefonu qapatdı. Heç bir anormallıq aşkar etmədim. Oğlumun başına gələnlər pandemiyadan sonra narkotik istifadəsi ilə bağlı idi".
Semih ruhi xəstəliyə görə 5 dəfə xəstəxanada müalicə alıb, iki dəfə itkin düşüb, bir dəfə intihara cəhd edibmiş.
Qeyd edək ki, oktyabrın 4-də 19 yaşlı Semih Çelik iki gənc qızı qətlə yetirib. Sevgilisi İkbal Uzunerin bədənini parçalara ayırıb. Daha sonra qızın başını ailəsinin gözü qarşısında tarixi binadan atıb. Bundan sonra 19 yaşlı Semih də atlayaraq həyatına son qoyub.
Hadisə Türkiyə ictimaiyyəti arasında əks-sədaya səbəb olub. Bir çox siyasətçi ilə yanaşı məşhurlar da baş verən olaya səssiz qalmayıb. Günlərdir hadisənin baş verdiyi ərazidə insanlar "Qadın cinayətlərinə SON!" şüarı ilə etiraz aksiyası keçirir.
Gülayə Mecid