Gürcüstanın Baş Prokurorluğu eks-prezident Mixail Saakaşvilinin 2016-cı ildə müxalif “Vahid Milli Hərəkat” partiyasının deputatı Givi Tarqamadzeyə sui-qəsd işində əli olduğunu üzə çıxarıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, Tarqamadzeyə sui-qəsddə təqsirli bilinən qiyabi məhkum David Xeçuaşvili sentyabrın 19-da Türkiyə ilə sərhədi qanunsuz keçməyə çalışıb, bu zaman sərhədçilər tərəfindən saxlanılıb.
Gürcüstan prokurorluğunun brifinqdə verdiyi məlumata görə, məhbus ifadəsində bildirib ki, 2016-cı ildə Şota Çiçiaşvili adlı biri ilə görüşüb və Çiçiaşvili o vaxt Ukraynada yaşayan Saakaşvilinin göstərişini ona çatdırıb.
"Görüşdə Saakaşvili dedi ki, o, Tarqamadzeyə etibar etmir, çünki Tarqamadze 2016-cı il parlament seçkilərindən əvvəl o vaxtkı Gürcüstan hökuməti ilə əməkdaşlıq edib", - deyə Gürcüstan prokurorluğunun açıqlamasında qeyd olunub.
Xatırladaq ki, Saakaşvili 2021-ci il oktyabrın 1-də Ukraynadan ölkəyə qayıtdıqdan sonra Gürcüstan hakimiyyəti tərəfindən saxlanılıb. O , bir sıra cinayət əməllərində - bankir Sandro Qirqvlianinin qətlində iştirakda, deputat Valeri Gelaşvilinin döyülməsində, müxalifətin mitinqinin qanunsuz dağıdılmasında və dövlət büdcəsini mənimsəməkdə ittiham olunur.
Həbsxanada keçirdiyi ilk il ərzində müttəhim 30 kq arıqlayıb və həkimlər ona 17 diaqnoz qoyub. Qohumları və müdafiə tərəfləri dəfələrlə Saakaşvilinin səhhətinin ağır olduğunu bildirib və onun müalicə üçün xaricə aparılmasına icazə istəsələr də, həmişə rədd cavabı alıblar.
Gülayə Mecid