İstedad yalnız başlanğıc nöqtədir. Böyük şəxsiyyətə, yoxsa əzazil insana çevrilməyimiz bu nöqtədən başlayır. Gözəl əxlaq və zəka istedadla birləşdikdə isə öz ziyası ilə ətrafı nurlandıran düha meydana çıxır. 

İstər Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənəti tarixində, istərsə də sosial-ictimai həyatında bu cür dahilər heç də az yetişməyib. Taleyin bəxş etdiyi 52 illik ömür payının yarıdan çoxuna musiqi elminin peşəkar kadrlarını yetişdirməyi, Azərbaycan musiqisinə inanılmaz töhfələr verməyi, yeniliklər gətirməyi bacaran Əhsən Dadaşov da bu cür mayaklardan biridir. 

Azərbaycan musiqi tarixində böyük bir məktəbin əsasını qoymuş Əhsən Dadaşovun həyat və yaradıcılığı özündə birləşdirdiyi mistika ilə bərabər, cəsarətin, əsl insanlığın, ustad sənətkarlığın bariz nümunəsidir. 

Yeni doğularkən ona verilmiş təsadüfi ad həm kollecdə oxuduğu zaman, həm əvəzolunmaz müəllimlərdən aldığı dərslərdə, həm dahi bəstəkar Üzeyir Hacıbəylinin "Əhsən, sənə Əhsən" xeyir-duasında, həm də yaşıdlarının, ustadlarının, yetirmələrinin, dinləyicilərinin dilində bir alqış təki öz sehrini qoruyub saxladı.

Bəstəkarın qızı Xanım Məhərrəmova xatırlayır: "Əliağa Vahidin müəllimi Mirzə Əbdülxaliq Yusif babamın dayısı olub. Atam anadan olanda babam dayısının yanına gedib və "Oğlum anadan olub" deyib. Mirzə Əbdülxaliq də cavabında "əhsən" deyib. Bir qədər söhbət etdikdən sonra babam evə qayıdanda soruşub ki, "Dayı, bəs uşağın adını nə qoyaq?". O isə cavabında artıq mən demişəm: "Əhsən" deyib".

Əhsən Dadaşovun bundan sonra da həyatında baş verən təsadüflər ona, sanki ilahinin bir nişanəsi olub. Belə ki, 10 yaşı olarkən böyük qardaşı Mürsəllə birlikdə ağacın altından tar tapması mistik bir eyham deyilsə, nədir bəs?! Taleyin bu xoş təsadüfündən sonra atası Əhsəni yox, qardaşını tar sinfinə yazdırmaq istəsə də, müəllim musiqi duyumu olmadığından onu sinfinə qəbul edə bilmir. Əhsənlə bağlı valideynlərinin başqa, Tanrının və özünün isə tamamilə başqa planları vardı: ata-anasının həkim olmaq istəyinə qarşı, onun musiqiçi olmaq arzusu. 

Yenə taleyin xoş bir təsadüfi nəticəsində indiki Bakı Musiqi Kollecinin giriş qapısındakı tar sinfinə qəbulla bağlı elanı görür və valideynlərindən xəbərsiz sənədlərini həmin məktəbə verir. Əhsən Dadaşov Mirzə Mansur və oğlu Ənvər Mansurovun sinfinə qəbul olunur. Ata və oğlundan eyni zamanda dərs almaq keçmişlə müasirliyin vəhdəti - həm köhnə, həm yeni ifaçılıq yolu Əhsən Dadaşov yaradıcılığına növbəti ilahi bir töhfə kimi dəyərləndirilə bilər.

Gənc tarzən Əhsən Dadaşovun istedadı görkəmli bəstəkar və dirijor Səid Rüstəmovun diqqətini çəkir və onu rəhbərlik etdiyi Azərbaycanda ilk notlu xalq çalğı alətlərinə işə dəvət edir. Lakin Əhsənin yaşı çatmağdığından bir il gözləməli olur. O zamanlar bir çoxlarının qınağına Səid Rüstəmov belə cavab verib: "Düzdür, hələ pasport almayıb, amma musiqiçi pasportunu çoxdan alıb".

Gənc Əhsən müəllimi Ənvər Mansurovdan da ilk qiymətini almışdı: "Musiqini qavramağından hiss edirəm ki, gələcəyin ustad sənətkarı olacaqsan".

Azərbaycan musiqi tarixinin yaddaşına böyük novator kimi düşmək sənətkarın böyüklüyündən xəbər verir. Əhsən Dadaşov novatorluğunun özünəməxsusluğu həm də onda idi ki, o, tar sənətinin, ifaçılığın özündən əvvəlki formasına qarşı çıxmadan, onu inkar etmədən yeni rənglər və ruh qataraq bu sənətə yeni nəfəs gətirmişdi.

Mirzə Fərəc, Qurban Pirimov, Şirin Axundov, Mirzə Mansur, Əhməd Bakıxanov, Məmmədxan Bakıxanov kimi sənətkarlardan sonra tar ifaçılığı sahəsində virtuoz olmaq fitri istedad idi. 

Əslində Azərbaycan Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsini bitirən Əhsən Dadaşov fars dili və ədəbiyyatını da mükəmməl bilirdi. Şərq musiqi alətlərində mahir ifaçılığı Əhsən Dadaşovun həm də bu işin ədəbiyyatını dərindən bilməsinin nəticəsi idi. İrana səfərləri zamanı fars dilini mükəmməl bilməsi Əhsən Dadaşovun işinə çox yarayırdı, məşhur musiqiçilərlə rahat ünsiyyət qura bilirdi. 

O, 1960-cı ildə Azərbaycanda ilk dəfə notlu ansambl təşkil edib. "Xatirə" ansamblı Azərbaycan musiqisinin sədalarını dünyanın bir çox ölkələrinə yayıb, fitri istedadların üzə çıxmasında mühüm rol oynayıb.

Səs palitrasından mahir tarzən kimi istifadə edən Əhsən Dadaşovla yolu kəsişən hər kəs ondan təkcə musiqinin sirlərini öyrənməyib, eyni zamanda mühüm həyat dərsi alıblar.  Gənclərə dəstəyi, səmimiyyəti, onlara qayğıkeşliyinin nəticəsidir ki, Əhsən Dadaşov bu gün də əvəzolunmaz pedaqoq kimi xatırlanır. 

Öz dəsti-xəttini ilk mizrablarından hiss etdirən Əhsən Dadaşov musiqidə "Əhsən üslubu"nun banisidir. Öz qəlbinin havasını səsləndirən Əhsən Dadaşovu muğama vurduğu ştrixlər fərqli edirdi. Əhsən Dadaşov "Şur" muğamını udda çalan ilk ifaçı idi. Elə buna görə bu muğama"Əhsənin Şuru" da deyilirdi. 

Əhsən Dadaşovun Azərbaycan musiqisinə ən böyük xidmətlərindən biri də 1960-cı illərdə ud alətinə yenidən nəfəs verərək, onu musiqiyə qaytarmağı, ud yaddaşımızı bərpa etməyidir. "Bizim Cəbiş müəllim", "Dəli Kür" filmlərində udu, "Ögey ana" filmində nahar səhnəsində tarı səsləndirən Əhsən Dadaşovdur. 

30-a yaxın mahnı və melodiyanın müəllifi olan Əhsən Dadaşovun muğama həsr etdiyi 20-yə yaxın rəng var. Qanun, kamança, ud alətlərində ustalıqla çalan  tarzən "Humayun", "Şur", "Bayati-Şiraz", "Rast", "Segah təsnifi", "Zabul segah" "Cahargah", "Rahab rəngi" "Orta mahur"un mahir ifaçısıdır. Onun rəngləri milli musiqinin dəyər vahididir. 

Cahangir Cahangirovun skripka üçün yazdığı sonatanın "Rondo" hissəsindən fraqmenti tar üçün uyğunlaşdıran Əhsən Dadaşovun ifasında əsəri dinlədikcə tarın simlərində, sanki eyni anda bir neçə musiqi alətinin səsini, rəngini duymaq olur. Cahangir Cahangirov inamının və Əhsən Dadaşov fitri istedadının nəticəsi idi ki, C.Cahangirov təkcə ona əsərlərinə düzəlişlər etməyə icazə verir, "Sən necə deyirsənsə, elə olmalıdır" deyirdi. 

Tarı sinəsinə sıxıb ürək döyüntülərini simlərə daşıyan tarzən Rəşid Behbudov, Şövkət Ələkbərova kimi müğənniləri də özünə valeh etmişdi. Əhsən Dadaşov tarda təkcə çalmır, həm də tarı sanki oxudur, dilləndirirdi.

İfası ilə Şövkət Ələkbərovanı "susduran" Əhsən Dadaşov Ramiz Mirişlinin "Oxu tar" mahnısının son məşqlərindən birində Əhsən ifaya girişdə möhtəşəm bir segah gəzişməsi edir. Ancaq Ş.Ələkbərova ifasına başlamır və fikrə dalır. Əhsən Dadaşov həmin gəzişməni bir də edir və Şövkət xanım yenə susur. Əhsən Dadaşov ondan niyə ifa etmədiyini soruşduqda gözləri bir nöqtəyə zillənən Şövkət Ələkbərova "Ay insafsız, səhərdən qoyursan ki" deyə cavab verir. 

Tələbəsi Siyavuş Kərimi xatırlayır: "Tarda mənə "Tərəkəmə" göstərdi. Mənə elə gəldi ki, simfonik orkestr çalır. Polad Bülbüloğlu Praqada kinostudiyada çalışarkən ona tar ifası yox, tamamilə başqa musiqi lazım oldu. Yeganə zəng edə biləcəyi şəxs isə Əhsən Dadaşov oldu. Əhsən Dadaşov 3 gün ərzində istədiyimiz musiqini hazırlayıb Praqaya göndərdi". 

Qədir Rüstəmov səsinin qaibanə sehrində Əhsən Dadaşov imzası, dəst-xətti var. Qədir zirvəsini kəşf edən Əhsən Dadaşov olmuşdu. Əhsən Dadaşovun barmaqları Qədir Rüstəmovun səsinin ahənginə qarışır və "Sona bülbüllər" qanadlanır. Qədir Rüstəmov yaradıcılığının zirvəsi olan "Sona bülbüllər" Əhsən Dadaşov əzmi və peşəkarlığı ilə televiziyaya, oradan isə bütün ölkəyə ayaq açır. 17 variantda yazılan "Sona bülbüllər" mahnısının lent yazılarını düz səhər açılanadək 52 yerdən kəsib bir-birinə calaq edərək onu Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Ənvər Əlibəyliyə təqdim edən və gənc istedadın üzə çıxmasına səbəb olan Əhsən Dadaşov idi.

Qədir Rüstəmovun ifası lentə alınarkən Əhsən Dadaşov ağlayır, "Qədir, sənin səsin başqa aləmdir" deyirmiş.

Qədir Rüstəmov müsahibələrinin birində belə deyirdi: "...Unudulmaz sənətkarımız Əhsən Dadaşova ömrüm boyu minnətdaram. Bir mahnımı yazdırmaqdan ötrü özünü oda-közə vurardı. Xəcalət çəkərdim. Deyərdim: "Ay müəllim, axı bu qədər əziyyət nəyə lazımdır?". Cavab verərdi ki, "Lazımdır, Qədir, xalqın mahnılarını xalq üçün yaşatmaq lazımdır!".

Əhsən Dadaşov təkcə musiqi alətlərinin mahir bilicisi deyil, həm də həzin, məxmər səsə malik ifaçı idi. Onun ifasında "Kədərli günlərimdə" türk mahnısı bu gün də sevilərək dinlənilir. 

Əhsən Dadaşovun ömür-gün yoldaşı Qəribə xanımla həyat yolu elə çox sevdiyi orkestrdə kəsişib. Kamança ifaçısı olan Qəribə xanım Əhsən Dadaşovla izdivacını ali təhsil alıb "əlləri çörəyə çatıncayadək" təxirə salırmış. Nəhayət, Qəribə xanım Azərbaycan Dillər Universitetinin alman dili fakültəsini, Əhsən Dadaşov isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili şöbəsini bitirir və 1954-cü ildə onlar ailə qururlar. 

Bu nikahdan onların üç övladı dünyaya gəlib. Lakin taleyin amansız oyunları Əhsən Dadaşovdan da yan ötməyib. Belə ki, 1937-ci il repressiya qurbanlarından biri Əhsən Dadaşovun atası Əliabbas kişi olmuşdu. Sibirə sürgün edilən Əliabbas Dadaşovun sonrakı taleyi naməlumdur. Ata itkisi ilə yaşamağa öyrəşmiş Əhsən Dadaşov övlad itkisi ilə barışa bilmir. 26 yaşında dünyasını dəyişmiş müəlliminin şərəfinə adını verdiyi oğlu Ənvərin 8 yaşında qan xərçəngindən dünyasını dəyişməsi Əhsən Dadaşovun ömrünün sarı simini daim titrədir, yaradıcılığına kədərli notlar gətirir. Tarı sinəsinə daha bərk sıxmağa başlayan Əhsən Dadaşov onunla sirdaş olmağa başlayır. O, ikinci oğluna da Ənvər adını verir və ömrünün ən üst pilləsinə qoyduğu digər iki Ənvəri yaşatmağa çalışır. 

Əhsən Dadaşovun qızı Xanım Məhərrəmova atasının yolunu davam etdirir. Musiqiçidir və Bülbül adına Orta İxtisas Musiqi Məktəbində dərs deyir. Oğlu Ənvər isə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. Musiqi təhsili almasa da, gitarada, tütəkdə, fortepianoda çalmağı bacarır. Onun da arzusu, vaxtilə atasına dediyi kimi, nağara ifaçısı olmaq olub. 

Əhsən Dadaşovun tarla bağlılığı, dərd ortaqlığı ölümündən sonra aşkara çıxır. Tar Əhsən Dadaşov üçün təkcə musiqi aləti, yol yoldaşı olmayıb. Köksünə sıxdığı tar, eyni zamanda Əhsən Dadaşov üçün sirdaş olub. 13 il futlyarda Ənvərin şərfinin bir hissəsini saxlayan Əhsən Dadaşov vaxtsız itkisinin ağrı-acısını oğlunun şərfini qoxulamaqla çəkirmiş. Bu böyük kədərini yalnız ikisi bilirmiş: Tarı və Özü...

Əhsən Dadaşov mərhum oğlu Ənvərlə eyni taleyi yaşayıb. O da xərçəngin qurbanı olub və 1976-cı ildə həyatla vidalaşıb. Vəsiyyətinə əsasən, anasının və oğlunun dəfn olunduğu köhnə qəbiristanlıqda torpağa tapşırılıb. 

Bu il yarımçıq ömrünü əsrə tamamlayan Əhsən Dadaşovun təkcə tələbələrinin deyil, onu musiqilərindən tanıyan Azərbaycan vətəndaşlarının hər birinin qəlbində xüsusi yeri var. Əhsən Dadaşov adı hər zaman böyük hörmət və ehtiramla çəkilir.  O həm də əsl insan kimi xatırlanır. Şəxsiyyət və insan tandeminin birlikdə çəkilməsi Əhsən Dadaşov böyüklüyünün göstəricisidir.

Əhsən Dadaşov musiqi elmində elə bir cığır açıb ki, o cığırla hələ çox nəsillər addımlayacaq, öz yolunu tutacaq.

Nuranə Abbasova

Bu yazı “Azərbaycan Mətbuat Şurasının, “ƏHSƏN” Yaradıcılıq Təşəbbüsləri Mərkəzinin və Xəzər Media Mərkəzinin Əməkdar artist Əhsən Dadaşovun yaradıcılığı ilə bağlı birgə yazı müsabiqəsinə təqdim olunur