İnsanları bir-birinə yaxınlaşdıran, qohum, dost, yoldaş edən bağlar olur. Amma elə bağ var ki, könlünü üzdə heç bir əlaqən olmayan könülə bağlayır.
11 yaşımdan bəri harada bir şəhid balası, şəhid yoldaşı, qazi, döyüşçü görmüşəmsə, özümdən asılı olmadan, sövq-təbii onu özümə yaxın bilmişəm, onu hiss etmiş və anlamışam. Sanki aramızda nəsə bir doğmalıq bağı var. Sonralar, çox sonralar anladım ki, bizim aramızdakı bağ yara bağıdır...
Aşağı-yuxarı hamımızın yarası var. Hərənin yarası bir cür sızlasa da, dərd – eyni dərddir, yara – eyni yaradır. İçin-için sızlayan, xısın-xısın ağlayan yara. Doğrudur, illərlə qan verən bu yaralar möhtəşəm qələbəmizdən sonra qaysaqlayıb, sağalıb, amma bəzən zorla qoparılırmış kimi göynəyə bilir. Özü də, bizdən birinin yarası dilə gələndə, bizim kimi yaralının dərdini dinləyəndə öz dərdimiz də təzələnir, öz yaramız da ilk günlərdəki kimi göynəməyə başlayır. Amma o da var ki, daha ağlayıb düşmən sevindirmək də istəmirik. Tay bizə ağlamaq da olmaz, heç yaraşmaz da...
Dünən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin növbəti məhkəmə iclası keçirilib və bir sıra zərərçəkmiş şəxslər ifadə veriblər. Zərərçəkmiş qismində ifadə verənlərdən biri də tanınmış qarabağlı jurnalist Hikmət Sabiroğludur. Hikməti çoxdan tanıyıram. Şəxsiyyəti ilə qələmi üst-üstə düşən azsaylı həmkarlarımdandır. Sən deyən yaxın da deyilik: nadir hallarda hansısa tədbirdə rastlaşar, uzaqdan-uzağa salamlaşarıq, vəssəlam. Amma onunla yar-yoldaş olmasaq da, yaradaş olduğumuzu, yəni eyni yara sızıntısı çəkdiyimizi hiss etmişəm. Ona hörmətimi birə-iki artıran məqamlardan biri də elə budur.
Hikmətin məhkəmədəki ifadəsini oxuyanda xeyli təsirləndim və hələ-hələ o əhvaldan çıxa bilmədim. İnanın ki, içimdən keçənlərin heç bir faizini belə, ifadə etməyə qələmimin gücü çatmır. Bəzi hisslər yalnız ruhən duyulur, onu cismani ifadə etmək mümkünsüzdür. Bir ifadənin – bir məhkəmə şahidinin ifadəsi bu qədər hikmətimi olar?!
Hikmət deyir ki: “Ermənistanın digər rayonlarında da olmuşam. Qarabağda ermənilər yaxşı yaşayırdılar. Yaxşı həyatları var idi. Camaatı qaldırdılar azərbaycanlıların üstünə, bizim qanımızı tökdülər, torpaqlarımızı işğal etdilər. Anam torpaq nisgili ilə 2013-cü ildə dünyadan köçdü. Hər şeyi bağışlaya bilərəm, bircə anamın o nisgillə dünyadan köçməsini bağışlaya bilmərəm”.
Bəli. Heç kim onu belə dərindən yaralayanı bağışlaya bilməz, bilmir. Bizə xalq olaraq zülm edən, əlini insanımızın qanına batıran, namusumuza toxunan, minlərlə qadını başsız, uşağı atasız qoyan, bizi illərlə yurd-yuvamızdan edən bir düşməni bağışlamaq olarmı?!
Hikmət, qardaş, hərənin dərdi daha ağır, yarası özünə daha ağrılı gəlir. Biz də bağışlamırıq. O qədər haqlısan ki... Ananın dünyadan nisgilli köçməyi səni necə yaralayıbsa, indi sənin qarşında əli-qolu bağlı dayanan miskin varlıqları nə bağışlamağa, nə də Allaha həvalə etməyə ürəyin gəlmir...
Mən atamı 31 il əvvəl Qarabağ savaşında itirmişəm. Amma onun ruhu hər zaman mənə güc verib. Heç vaxt özümü arxasız, dayaqsız hiss etməmişəm. Dözmüşəm, böyümüşəm, içi də, çölü də, fikri də, sözü də ötkəm bir adam ola bilmişəm. Qəlbimdə qırıqlıq olsa da, boynubükük olmamışam. Bəlkə də, qələbəyə xatir, bundan sonra qan tökülməməsinə xatir o miskin varlıqları – erməniləri bağışlamasam da, Allaha həvalə edərəm. Amma həyatının baharında yarını – yarısını itirən anamın gözlərindəki nisgilə, bacılarımın uşaqlıqdakı boynubükük tövrlərinə görə zərrə bağışlamağım gəlmir. Odur ki, səninlə həmdərd olduğum qədər də həmfikirəm. Bunlar elə düşməndirlər ki, elə namərd düşməndirlər ki, dişini-dişinə sıxıb bağışlamaq da olmur.
Bəlkə də, burada bir hikmət var. Allah bizə elə bir qələbə qismət elədi ki, sızlayan yaramıza məlhəm oldu, yanan ürəyimizə su səpdi və müqəddəs dərdimizi ürəyimizin dərin bir hücrəsində gizlədi…
Allah bir daha bizi bağışlaya bilməyəcəyimiz zülmlə üz-üzə qoymasın!
Zaur Əhməd