Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb.

MN-dən "Unikal"a bildirilib ki, təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edilir.

Yeni təlim-təcrübə konsepsiyasına əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər.

Yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər.

Göstərilən kateqoriya üzrə müddətli həqiqi hərbi xidmətə çağırılmış gənclərdən informasiya texnologiyaları sahəsində müvafiq ixtisasa sahib olanlar Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəkdir.

Müasir texnologiyaları və yanaşmaları tətbiq edə biləcək mühüm bacarıqlara malik insan kapitalının formalaşdırılmasının ölkəmiz üçün əhəmiyyəti nəzərə alınaraq, xüsusi istedadlı gənclərin həqiqi hərbi xidmət müddətində öz peşə sahələri üzrə faydalı iş təcrübəsi qazanmaları təmin ediləcəkdir.