"Xarici siyasətimizin prioritet istiqamətlərindən biri ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Azərbaycan qonşu dövlətlərlə əməkdaşlığa xüsusi önəm verir. Bu baxımdan Azərbaycan-Gürcüstan münasibətlərinin hazırkı inkişaf səviyyəsi diqqətdən kənarda qalmır. Tarixi köklərin birləşdirdiyi Azərbaycan-Gürcüstan əlaqələrindən bəhs edərkən bu reallığı xüsusi qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyevin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin dostluq münasibətləri əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb. 1996-cı ildə imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Bu günədək çoxsaylı qarşılıqlı səfərlər, müxtəlif səviyyələrdə keçirilən görüşlər, imzalanan sənədlər əlaqələrin daha da inkişafında mühüm rol oynayır. Onu da qeyd edək ki, dövlətlərimiz arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın qonşu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb".
Əməkdaşlıqda iqtisadi amilin rolunu önə çəksək bu gün Azərbaycan-Gürcüstan iqtisadi münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini böyük əminliklə qeyd edə bilərik. Regional çərçivədə qurulan əməkdaşlığın əsas iştirakçıları Azərbaycan, Gürcüstan və Türkiyədir. Hər üç dövlətin siyasi iradəsi əsasında reallığa çevrilən enerji və nəqliyyat layihələri regional əməkdaşlığın daha da möhkəmlənməsinə böyük töhfələr verir. Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rolunu oynayır. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz layihələrinin, eyni zamanda, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin uğurlu sonluqla başa çatması ölkələrimizin enerji və nəqliyyat imkanlarının artmasını şərtləndirdi.
Bu fikirləri "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. Millət vəkili hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji sahəsində də iki ölkənin əməkdaşlığının uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
Bildirib ki, Gürcüstan və Azərbaycan Avropa ölkələri ilə sıx əməkdaşlıq edirlər. 2022-ci ilin dekabr ayında Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. Dövlət başçısı İlham Əliyev həmin mərasimdəki çıxışında qeyd etdi ki, bu gün Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır:
Vüqar Rəhimzadə qarşılıqlı səfərlər çərçivəsində günümüzün əsas məsələləri ətrafında geniş fikir mübadiləsi aparıldığını və ümumi mövqeyin ortaya qoyulduğunu qeyd edib. Vurğulayıb ki, ötən il Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri, eyni zamanda, bu il Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə rəsmi səfəri əlaqələrimizin dünəninə, bu gününə və perspektivlərinə işıq saldı.
Vüqar Rəhimzadə dost ölkənin mühüm siyasi kampaniya ərəfəsində olduğunu diqqətə çatdırıb:
"Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Gürcüstanın inkişaf yolunda inamla irəliləməsi xalqın həyata keçirilən siyasətə dəstəyində əhəmiyyətli rol oynayır. Təəssüf hissi ilə qeyd edirik ki, son günlər Qərbin bəzi dairələri Azərbaycana olduğu kimi, Gürcüstana da təzyiq və daxili işlərinə müdaxilə etməyə cəhd göstərirlər. Ölkəmizdə istədiklərinə nail ola bilməyən həmin dairələr bu ssenarilərini dost Gürcüstanda reallaşdırmağa çalışırlar. Həmin dairələr bununla da bütövlükdə regionda sabitliyi pozmağı hədəfləyirlər. Reallıq budur ki, bu gün Cənubi Qafqazın taleyi Azərbaycan və Gürcüstandan asılıdır. Azərbaycan-Gürcüstan, eyni zamanda, Azərbaycan-Türkiyə birliyi regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Hər iki dövlət hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib və bu gün də dəstəkləyir. Dövlətlərimiz bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə bir-birinin yanındadır. Dost Gürcüstan tarixi Zəfərimizdən sonra Azərbaycanın Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması prosesində vasitəçi olmağa hazır olduğunu bildirir. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə, Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanmasına dəstəyini ifadə edən rəsmi Tbilisinin çağırışı budur ki, Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir".