Sabah İstanbul şəhərində "3+3" regional platformasının növbəti iclası keçiriləcək. Görüşdə ev sahibi Türkiyə ilə yanaşı Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirləri iştirak edəcək. Regional platformaya daxil edilən Gürcüstan isə görüşdə iştirak etməkdən imtina edib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, bu, çox vacib və əhəmiyyətli görüşdür. Onun sözlərinə görə, regionda olan ölkələr öz gələcəklərini milli maraqlar çərçivəsində həll etməyə üstünlük verməlidirlər:
"Regiona aidiyyəti olmayan qurumlar, təşkilatlar, ölkələr müdaxilə edəndə burada tamamilə başqa ab-hava və vəziyyət yarana bilər. Bu nöqteyi-nəzərdən ən optimalı "3+3" formatıdır. Bu formatın içərisində açıq şəkildə bütün məsələləri müzakirə etmək lazımdır. Cənubi Qafqaz regionunda sülhün ən yüksək səviyyədə təmin olunması üçün Azərbaycan, Gürcüstan, o cümlədən Ermənistan dərk etməlidir ki, ikitərəfli, birbaşa əlaqələr, ya da "3+3" formatındakı əlaqələr bu ölkələr üçün daha böyük imkanlar yarada bilər, nəyin ki, kənar şəxslərin bura müdaxiləsi. Hansısa başqa ölkələrin Cənubi Qafqaz regionuna nüfuz salmaq istəyi heç də yaxşı nəticələr vermir.
Biz Fransanın, Avropa Birliyinin cəhdlərini görürük. Ancaq Cənubi Qafqaz ətrafında olan 3 qonşu ölkənin bu prosesdə iştirakı regionda lazım olan geosiyasi balansı yarada bilir. Belə ki, Cənubi Qafqaz ölkələri və onların ətrafında olan ən yaxın qoşunlar bura aiddir. "3+3" formatı həddindən artıq vacib və əhəmiyyətlidir. İnanıram ki, gələcəkdə Gürcüstan da bu formata qoşulacaq. Hazırda onlar maraq göstərmirlər. Amma gələcəkdə geosiyasi nöqteyi-nəzərdən bu da olacaq".
Anar Kəlbiyev