Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqaz Regional Əməkdaşlıq Təşkilatının “3+3” platforması (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, İran,) çərçivəsində iştirakçı ölkələrin xarici işlər nazirləri ilə görüşəcək.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Görüş sabah İstanbulda keçiriləcək.
Bundan əlavə, Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfdaşları ilə ikitərəfli danışıqlar aparacaq. Sessiyanın sonunda iştirakçılar birgə bəyanat qəbul edəcəklər.
Regional ölkələrin öz problemlərini dialoq yolu ilə həll etmələri vurğulanacaq, bölgədəki siyasi mübahisələrin BMT Nizamnaməsi ilə müəyyən edilmiş prinsiplər: suverenlik, ərazi bütövlüyü və siyasi müstəqillik, sərhədlər, daxili işlərə qarışmamaq, güc tətbiq etmə təhdidinin qadağan edilməsi, eləcə də insan hüquqlarına hörmət və dövlətlərin toxunulmazlığı əsasında sülh yolu ilə həllinin zəruriliyi vurğulanacaq.
Bəyanat tərəfləri müxtəlif iqtisadi sahələrdə, xüsusilə regional nəqliyyat dəhlizlərində və əlaqədə əməkdaşlığı artırmaq, regional iqtisadi əməkdaşlığın etimad, firavanlıq və sabitliyin yaradılmasında konstruktiv rol oynamasını təmin etmək öhdəliyi götürmək niyyətindədir.
Ağarza Elçinoğlu