18.10.2024-cü il tarixində Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar 3 nəfər (1-i kişi cinsli, 2-si qadın cinsli olmaqla) saat 07:10 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

"Unikal" xəbər verir ki, onlara zəruri tibbi xidmətlər göstərilib. 1 nəfər (kişi cinsli) vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə davam etdirilir, vəziyyətləri stabildir.

***

08:16

Xəbər verdiyimiz kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

FHN-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib. 

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib. 

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Gəncədə evdə partlayış olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin "Pasyolka" adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, sözügedən ərazidəki yaşayış binasında partlayış olub.

Nəticədə 1960-cı il təvəllüdlü Mehriban Paşayeva və 1980-ci ildə anadan olmuş Könül Xudaverdiyeva ölüb.

Əliyeva Nüranə Şahin qızı, 1999-cu il təvəllüdlü Yusibova Firuzə Ələkbər qızı, 1991-ci il təvəllüdlü Orucov Bəxtiyar Əsəd oğlu isə xəsarət alıblar.

Tural Əhmədov