“2024-cü ilin müstəqillik gününün ikinci əlaməti  tarixdə ilk dəfə ermənilərin kompakt yaşadığı Xankəndindən etnik təmizləmə ilə deyil, könüllü getməsidir. Bir daha vurğulayırıq ki, Ermənistandan fərqli olaraq, biz heç vaxt monoetnik dövlət olmayacağıq".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, əgər Sovetlər Birliyi dağılanda ərazilərimiz işğal olunmasaydı, Dağlıq Qarabağ Muxtar vilayəti qalacaqdı və indi bayramı ermənilərlə birgə qeyd edirdik: "1920-ci illə də müqayisə edə bilmərik, Cümhuriyyət zamanı ilə də, çünki ermənilər onda da müəyyən sayda Qarabağda mövcud idilər. Beləliklə, Azərbaycanın varlığı tarixində ilk dəfə millətimiz erməni muxtariyyatı və işğalı olmadan müstəqlliyini qeyd edir".

 

Z.Oruc qeyd edib ki, bir çox keçmiş sovet ölkəsindən fərqli olaraq, ölkəmizdə hakimiyyət Brüsseldən təyin olunmur:

"O cümlədən, İran dövləti qacarlardan sonra ilk dəfə müharibədə Qələbəmizdən bəhrələnmək və azərbaycanlıları Ali Dini Şura ətrafında birləşdirmək üçün Pezeşkianın timsalında bir azərbaycanlını 80 namizədin içindən xalqa rəhbər seçdi. Zəfərimizdən faydalandılar. 2023-cü ildə sona çatan erməni-azərbaycanlı konfliktini indi əbədi qurtarmaq və daimi sülhü bərqərar etmək də məzh Azərbaycandan asılıdır”.

Anar Kəlbiyev