Ermənistan parlamenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti ratifikasiya edib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan sözügedən əsasnaməni avqustun 30-da imzalayıb. Reqlament delimitasiya işlərinin təşkilini və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin kəsişməsinin protokol-təsvirinin tərtibini, müvafiq miqyaslı delimitasiya xəritəsinin tərtibini, ekspert qruplarının işini nəzərdə tutur.
Bundan əlavə, sentyabrın 26-da Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delmitasiyası üzrə işçi komissiyanın reqlamentinin qanunauyğun olduğuna dair qərar qəbul edib.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, bu, texniki sənəddir:
"Həmin sənədin siyasi əhəmiyyəti çox da böyük deyil. Sadəcə olaraq orada yanaşmanın hansı formada olacağı göstərilir. Alma-Ata bəyannaməsi ilə yanaşı olaraq, digər prinsiplər də tətbiq oluna bilər.
Hələlik, Azərbaycanın və Ermənistanın sərhədlərin delimitasiyası və demarkasiyası məsələləsində Alma-Ata bəyannaməsinə yanaşması ciddi şəkildə fərqlənir.
Yeganə məntiqi razılıq ondan ibarətdir ki, tərəflər SSRİ dövründə olan sərhədlərin əsasında iş aparacaqlar. Hansı dövrə və ilə aid olan xəritələrdən istifadə ediləcəyi isə hələlik məlum deyil. Bu məsələ açıq olaraq qalır", - deyə o bildirib.
Sabiq nazir delimitasiya prosesinin nə qədər davam edə biləcəyi ilə bağlı suala belə cavab verib:
"Delimitasiya və demarkasiya prosesi uzun illər davam edən məsələdir. Bu proses müxtəlif ölkələr arasında on illərlə davam edib.
Azərbaycanın və Ermənistanın bu məsələyə yanaşması fərqlidir. Yanaşmaların fərqli olması onu göstərir ki, danışıqlar prosesi asan olmayacaq.
Mən inanmıram ki, bizə delimitasiya prosesini tələsdirmək lazımdır. Biz öz strateji məqsədlərimizə nail olmaq üçün addımlar atmalıyıq.
Artıq komissiyaların səlahiyyətləri var və onların sərhədləri müəyyən edilib. Bundan sonra konkret danışıqlar olacaq. Beləliklə, biz bu işin bünövrəsini qoymuş olduq".
Murad İbrahimli