Zaqatala rayonu Qımır kəndinin şəhidləri İsrafilov Abdurahman və Murtuzəliyev Xəqaninin əziz xatirələri yad edilib.
"Unikal" xəbər verir ki, şəhidlərin ildönümü ilə əlaqədar keçirilən tədbirdə Milli Məclisin deputatı Asif Əsgərov, YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, idarə və müəssisə rəhbərləri, şəhid anaları, qazilər, ictimaiyyət nümayəndələri, din xadimləri, təhsil işçiləri, məktəblilər şəhidlərin məzarını ziyarət edib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin məzarı üzərinə gül dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Tədbirdə qəhrəman şəhidlərimizin döyüş yolu ehtiramla xatırlanıb.
Şəhid və qazi ailələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Xanım Əliyevanın daim diqqət və qayğısı ilə əhatə olunduqlarından, torpaqlarımızın işğaldan azad olunması uğrunda Şəhid olan oğullarımızın əziz xatirəsinin hər zaman anılacağından, qazilərimizin xidmətlərinin unudulmayacağından danışıb. Xüsusi ilə vurğulanıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Qələbəmizdən, lokal antiterror tədbirlərinin uğurla başa çatmasından sonra suverenliyimizin bütün ərazilərimizdə tam bərpasından, doğma Qarabağımızda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən və Böyük Qayıdışımızdan irəli gələn yeni hədəfləri müəyyənləşdirən qalib dövlət və xalq kimi müstəqilliyinin ən qüdrətli dövrünü yaşayır.
Anım tədbirindən sonra Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayon Qımır kəndində vətəndaş qəbulu keçirib. Keçirilən qəbulda millət vəkili ilə yanaşı YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Şəfizadə iştirak edib.
Vətəndaşlarla fərdi qaydada görüş keçirilib, millət vəkili onların müraciət və təkliflərini dinləyib. Görüş zamanı vətəndaşları narahat edən bəzi məsələlər müzakirə zamanı yerində həllini tapıb. Araşdırılması tələb olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün qəbuldan sonra müvafiq tapşırıqlar verilib. Həmçinin millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər həlli istiqamətində tədbirlərin görülməsi məqsədilə millət vəkili tərəfindən nəzarətə götürülüb.