Bakı Mühəndislik Universiteti (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsi və “Kapital Bank”ın birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün 3 günlük silsilə təlimlər keçirilib.
"Unikal" xəbər verir ki, kibertəhlükəsizlik mövzusuna həsr edilmiş təlimlər universitetdə bu ilin may ayında istifadəyə verilən “Kapital Bank otağı”nda təşkil olunub. Təlimin ilk günü bankın İnformasiya təhlükəsizliyi departamentinin Tətbiqi proqram təhlükəsizliyi üzrə rəhbəri İbrahim Əliyev və şöbənin əməkdaşı Fərhad Abdulkərimov “Kibertəhlükəsizlik sahəsində karyera”, ikinci gün Tətbiqi proqram təhlükəsizliyi üzrə mütəxəssis Oqtay Nəbili “Kiber hücumların anatomiyası”, sonuncu gün isə həmin sahə üzrə mütəxəssis Fərid Lalayev “Tətbiqi proqramların təhlükəsizliyi” mövzularında təqdimatlar ediblər. Təqdimatlarda karyera imkanları, kibertəhlükəsizliyin gələcək perspektivləri, kibertəhdidlər, onlardan müdafiə və digər məsələlərdən bəhs olunub.
Təlimlərdə mütəxəssislər tələbələrin çoxsaylı suallarını cavablandırıb, həmçinin fəallıq göstərən tələbələrə sertifikatlar təqdim edilib.