Xalq artisti Ağadadaş Ağayevin ölkədən çıxışına müvəqqəti qadağa qoyulub.

"Unikal" xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar verilib.

Qərara əsasən, Dövlət Vergi Xidmətinin (DVX) Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsinin iddiası təmin edilib və müğənninin Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulub. Yalnız vergi borcları ödəndikdən sonra DVX həmin qadağanı aradan qaldıra bilər.

*** 16:07

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Unikal" xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən Ağadadaş Ağayevin və zərərçəkən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkən tərəfin vəkili məhkəmədə vəsatətlə çıxış edib.

Vəkil işin mahiyyəti üzrə olmadığını, ibtidai istintaqa qaytarılması, daha ağır ittihamlarla cinayət işinin açılmasını və Xalq artistinin barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edib.

Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını istəyib.

Qısa müşavirə olub. Müşavirədən sonra hakim Xalq artistinin barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilmədiyini açıqlayıb. Digər vəsatət isə baxılmamış saxlanılıb.

Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

***

15:09

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə təxirə salınmış hazırlıq iclası bu gün davam edir.

"Unikal" xəbər verir ki, müğənni vəkili Asim Abbasovla birgə Binəqədi Rayon Məhkəməsinə gəlib.

İclasda Ağadadaş Ağayevin sərbəst, yaxud həbsdə mühakimə edilməsi ilə bağlı məsələ müzakirə ediləcək, tərəflərin vəsatətləri dinləniləcək.

Hakim Vüsal Tağıyevin araşdıracağı işdə Ağadadaş Ağayevin balta atdığı “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov və baltanın nəzərdə tutulan hədəfdən yayınaraq dəydiyi təmizlikçi Nəzakət Paşayeva zərərçəkmiş qismində tanınıb.

Ağadadaş Ağayevlə birgə onunla dava edən mühafizəçi Nurəddin Cəlilova da Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Amma Cəlilovun işi ayrıca icraata götürülüb. Hələ ki, ibtidai istintaq gedir.