Suraxanı rayonunun Yeni Suraxanı bələdiyyəsinin sabiq sədri Fikrət Quliyevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən yekun prosesdə dövlət ittihamçısı təqsirləndirilən bələdiyyə sədrinin 11 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Çıxışlardan sonra növbəti proses iyunun 25-nə təyin edilib.

İstintaqla Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar vətəndaşlara torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxsdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Fikrət Quliyevə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (rüşvət alma təkrar və külli miqdarda törədildikdə), 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilməklə barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seymur Əli