"1991-ci ildə müstəqilliyini bərpa etdikdən siyasi böhran, iqtisadi çətinliklər və Ermənistan tərəfindən təcavüzlə üzləşən Azərbaycan 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə inkişaf və tərəqqi dövrünə qədəm qoymuşdur. Müdrik dövlət xadimi 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. Bu əlamətdar hadisə ölkəmizdə Milli Qurtuluş Günü kimi qeyd olunur və xalqın taleyində dönüş nöqtəsi hesab edilir".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.
Parlamentari bildirib ki, həmin dövrdə dahi Liderin gərgin səyləri sayəsində ölkəmizdə hökm sürən xaos, anarxiya və vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, ictimai-siyasi sabitlik təmin edildi.
"Müstəqilliyin ilk illərində görkəmli dövlət xadimi Heydər Əliyevin reallaşdırdığı ən mühüm hədəflərdən biri “Əsrin müqaviləsi” adlanan neft sazişinin imzalanması olmuşdur. 20 sentyabr 1994-cü il tarixli bu müqavilə Azərbaycanın sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynamış, ölkəmiz beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şərəfli tarixi bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Gənclərin inkişafı məsələsi Heydər Əliyevin reallaşdırdığı uğurlu siyasətin prioritet istiqamətlərindən biri olmuşdur. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, Gənclər Forumunun keçirilməsi və 2 Fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi Ulu Öndərin sözügedən sahəyə verdiyi əhəmiyyəti nümayiş etdirir. O, gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında tərbiyəsi və elmi biliklərlə təmin olunmasını ümdə məsələlərdən biri kimi önə çəkirdi. Ümummilli Liderin xarici strategiyasında çeviklik, məqsədyönlülük və praqmatizm kimi dəyərlər prioritet hesab edilmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində başlayan Vətən müharibəsində tarixi Qələbəmizin təməlində Ali Baş Komandanın ətrafında xalqımızın sıx birliyi, ölkəmizin davamlı inkişafı, xarici siyasətdə və ordu quruculuğunda əldə edilmiş böyük nailiyyətləri dayanır. Azərbaycanın Qarabağ bölgəsində apardığı bir günlük lokal xarakterli antiterror əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir.
2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləyən mühüm siyasi sənəddir. 2022-ci ildən başlayaraq hər il iyunun 15-də Şuşada keçirilən bu toplantılar regional əməkdaşlıq, təhlükəsizlik, postmüharibə dövründə yeni strateji çağırışlar kimi mühüm mövzulara həsr olunur. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə baş tutan konfranslarda nüfuzlu yerli və xarici ekspertlərin, siyasətçilərin iştirakı ilə fikir mübadiləsi aparılır, qarşılıqlı maraq doğuran sahələr üzrə gələcək əməkdaşlıq mexanizmləri müəyyənləşdirilir. Şuşada keçirilən bu konfranslar həm də Azərbaycanın diplomatik gücünün və təşəbbüskarlığının parlaq nümunəsini nümayiş etdirir.
Beləliklə, Ümummilli Lider Heydər Əliyevin uğurlu fəaliyyəti Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında və inkişafında həlledici rol oynamışdır. Heydər Əliyevin həyata keçirdiyi islahatlar, qəbul etdiyi tarixi qərarlar və uzunmüddətli strategiyalar, həmçinin Prezident İlham Əliyevin reallaşdırdığı siyasət sayəsində Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrilmişdir".