17 noyabr 2024-cü il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Bakı şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Çin Milli Kosmik Agentliyinin nümayəndələri ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, ötən il İSİ-nin nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri zamanı qurulan əməkdaşlıq əlaqələri çərçivəsində həyata keçirilən görüşdə İSİ-nin baş direktoru, akdemik Əli Abbasov, icraçı direktor vəzifəsini müvəqqəti icra edən, t.e.d., dosent Elxan Səbziyev, Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin müdiri, t.ü.f.d. Tofiq Babayev, Çin Data Mərkəzinin direktor müavini Bo Lyu, Baichuan Chen, Weijia Ren və Wei Lu iştirak ediblər.
Əvvəlcə akademik Əli Abbasov qonaqlara instituta göstərilən diqqətə görə təşəkkürünü bildirərək rəhbərlik etdiyi elmi müəssisədə aparılan fundamental elmi tədqiqatlar və beynəlxalq əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat verib. Ötən il İSİ nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində aerokosmik informasiyanın emalı, birgə elmi-tədqiqat layihələrinin yerinə yetirilməsi və kadr hazırlığı üzrə qurulan səmərəli əməkdaşlıq əlaqələrindən danışıb.
Görüşdə Çin Kosmik Agentliyinin dəstəyi ilə SAR (Synthetic Aperture Technology) şirkətinin yer səthinin monitorinqi istiqamətində fəaliyyəti barədə məlumat verilib, bu sahədə İSİ ilə əməkdaşlıq imkanları müzakirə edilib, müvafiq qərarlar qəbul edilib.