Azərbaycan 2024-cü il noyabr 19-da Ermənistana qarşı Daimi Arbitraj Məhkəməsinə (Haaqada yerləşən) Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarının Ermənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatlarını əks etdirən əsas iddia sənədini təqdim edib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, sənəd Enerji Xartiyası Müqaviləsi çərçivəsində və beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq təqdim edilib.

Bildirilib ki, bu iddia sənədi, 2023-cü il fevralın 27-də Azərbaycanın Ermənistana Arbitraj haqqında Bildiriş göndərdiyi zaman başlamış beynəlxalq məhkəmə prosesi çərçivəsində son inkişafdır. Arbitraj məhkəməsi 2023-cü il sentyabrın 8-də təsis edilib və Azərbaycanla Ermənistan arasında ilk prosessual görüş 2024-cü il yanvarın 12-də keçirilib.

Qeyd olunub ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin otuz ilə yaxın qanunsuz işğalı zamanı Azərbaycanın bu ərazilərdə öz enerji resurslarına çıxışına və ya onların inkişaf etdirilməsinə mane olub. Bunun əksinə, Ermənistan həmin resurslardan öz mənfəəti üçün istifadə edib.

Mövzu ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Unikal"a açıqlama verib. O bildirib ki, burada söhbət Azərbaycanın müxtəlif sahələr üzrə hüquqlarının Ermənistan tərəfindən pozulmasından gedir:

"Dəymiş ziyanın bir hissəsinə aid hansısa iddialar irəli sürülüb. Əslində, bunları sübut etmək çox asandır.

Digər tərəfdən, artıq bundan sonra müxtəlif ölkələrdən olan xarici şirkətlərə qarşı da iddialar qaldırıla bilər.

Hamımız bilirik ki, Qarabağda İsveçrənin bahalı saatlar istehsal edən şirkəti bizim qızıl mədənlərimizi istifadə ediblər. Amma bu, tək belə fakt deyil. Bununla yanaşı oxşar faktlar çoxdur. 

Orada həm bizim faydalı qazıntılarımızdan, həm enerji resurslarımızdan qanunsuz istifadə edilib. Azərbaycanın müraciətindən sonra Haaqa Məhkəməsində bütün bu məsələlərə baxılmalıdır.

Bu məsələ ilə bağlı hansısa ilkin qərar qəbul olunmalıdır. Ermənistanın işğalı məsələsi qəbul olunsa, artıq məhkəmə bu və digər məsələlərə baxa və onlarla bağlı da qərar verə bilər", - deyə o qeyd edib.

Murad İbrahimli