Goranboy şəhərində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini dərin hörmətlə anıblar.

Tədbirdə ilk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Ardınca Yeni Azərbaycan Partiyasının tarixinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev YAP-ın yaradılmasının Azərbaycanın ictimai-siyasi həyatında yeni bir dövrün başlanğıcı olduğunu vurğulayıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin və cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində Yeni Azərbaycan Partiyası ötən dövrdə zəngin və şərəfli bir inkişaf yolu keçmiş, ölkənin siyasi həyatında, demokratik inkişafında mühüm rol oynamışdır.

Çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev bildirib ki, partiyanın yaradılması Azərbaycan tarixində mühüm bir mərhələdir. Samir Qocayev Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərin Ulu Öndər Heydər Əliyevin yaratdığı, hazırda isə Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə sıx bağlı olduğunu vurğulayıb.

Milli Məclisin deputatı Bədəl Bədəlov tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü münasibətilə təbrik edib. Bədəl Bədəlov, 1990-cı illərin əvvəllərində ölkəmizdə mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyəti xatırladaraq, həmin dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış Yeni Azərbaycan Partiyasının Azərbaycanın xaos və anarxiyadan çıxarılmasında, vətəndaş müharibəsinin dayandırılmasında oynadığı mühüm rolu vurğulayıb.

Partiya veteranı Kəmalə Axundova Vətən müharibəsi zamanı tarixi Qələbənin əldə edilməsində Yeni Azərbaycan Partiyasının ideoloji istiqamətdə apardığı fəaliyyətin önəmini xüsusi qeyd edib.

Daha sonra YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri verilib. Həmçinin, partiya veteranları YAP Goranboy rayon təşkilatı tərəfindən Fəxri fərmanlarla təltif olunub.

Bədii hissəsi ilə davam etdirilən tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.