Bakıda və Abşeron yarımadasında noyabrın 28-dən 29-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var.
"Azərbaycanın rayonlarında hazırda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 28-i axşamadək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir", - deyə bildirilib.
Qeyd edilib ki, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
*** 12:39
Azərbaycanda noyabrın 28-də bəzi yerlərdə yağış yağacaq, arabir leysan olacaq.
"Unikal" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Bildirilib ki, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündü 8-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.