"Son zamanlar vergi orqanı sahibkarları “kartdan karta” əməliyyatlarına görə kütləvi cərimələyir. Məsələnin qısaca mahiyyəti budur ki, istehlakçı malın və ya xidmətin haqqını öz kartından sahibkarın qeyri-sahibkar kartına köçürür və təbii ki, bu halda kassa çeki vurulmur, nəticədə də sahibkar vergidən yayınır. Yəni burada pozuntunun mahiyyəti sırf “kartdan karta” deyil, çekin vurulmamasıdır".
"Unikal" xəbər verir ki, bunu sosial şəbəkədə hüquqşünas Əkrəm Həsənov yazıb.
O bildirib ki, məlumatı vergi orqanına banklar ötürür ki, bu da qanunsuz hərəkətdir.
"Banklar müştərilərinin bank sirri rejimini kobud şəkildə pozaraq, satqınlıq edərək məlumatları vergi orqanına ötürürlər. Xatırladıram ki, vergi orqanı yalnız sahibkar bank hesabları barədə məlumatı banklardan məhdudiyyətsiz əldə edə bilər. Qeyri-sahibkar hesabları, o cümlədən vətəndaşların kart hesabları barədə məlumatı isə vergi orqanı yalnız məhkəmə yolu ilə əldə edə bilər, amma bunun üçün də gərək əsas olsun və buna xeyli zaman və səy sərf etmək lazımdır. Buna görə də vergi orqanı bu məlumatı banklardan birbaşa alır, bununla da sahibkara vergi, cərimə və s. hesablayır. Savadlı sahibkar təbii ki, bundan qorxmur və vergi orqanını məhkəməyə verib onu uda bilər (üstəlik bank sirrini pozmuş bankı da məhkəməyə verib təzminat ala bilər). Çünki vəsaitin karta daxil olması hələ o demək deyil ki, köçürmənin təyinatı sahibkarlıqdır. Axı pulu kartımıza qohum, dost, tanışlar, bizə borc verən, yaxud borc qaytaranlar da edə bilər. Bunun əksini sübut etmək vergi orqanının vəzifəsdir. Təbii ki, hətta reallıqda “kartdan karta” malın və ya xidmətin ödənişi olubsa belə, amma istehlakçı şikayətçi deyilsə, vergi orqanı bunun əksini sübut edə bilməyəcək. Heç buna imkanı və vaxtı da yoxdur", - deyə hüquqşünas bildirib.
Onun sözlərinə görə, bu cür qanunsuz halların baş verməsində sahibkarların öz hüquqlarını bilməməsi də az rol oynamır:
"Sahibkarların əksəriyyəti savadsız və qorxaq olduqları üçün dərhal əllərini yuxarı qaldırıb vergi orqanının tələbini yerinə yetirərək cəriməni ödəyirlər. Hətta pozuntu olmayan hallar üzrə (məsələn, hətta əgər köçürmənin təyinatı sahibkarlıq olmayıbsa: qohum-tanışdan pul gəlibsə). Bu, vergi orqanının müvəqqəti uğurudur. Çünki bundan sonra sahibkarlar sadəcə “kartdan karta” əməliyyatlarını etməyəcək və ya azaldacaqlar. Vergidən yayınmaq istədikdə isə ödənişi nağd şəkildə qəbul edəcəklər.
Digər tərəfdən, savadlı və tədbirli sahibkarlar vergi və bankların bu özbaşınalığına qanuni yolla da müqavimət göstərəcəklər. Qeyd etdiyim kimi, banklar bank sirrini pozduğuna görə sahibkara təzminat ödəməlidir. Vergi orqanı isə “kartdan karta”nın yayınma əməliyyatı olduğunu sübut etməlidir. Bunu etmək isə çox çətindir. Uzaqbaşı bir neçə əməliyyat üzrə sübut edə biləcək, buna görə də sahibkardan qəpik-quruş tuta biləcək. Amma xeyli vaxt sərf etmiş olacaq",- deyə Ə.Həsənov qeyd edib.