Şahzadə Harri Meqan Markl ilə evliliyində problemlər barədə şayiələr yayanlara münasibət bildirib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Şahzadə Harri "The New York Times" tərəfindən təşkil edilən "DealBook 2024" sammitində çıxış edib.

Tədbirdə jurnalistlər Şahzadədən Meqanla boşanmaları ilə bağlı xəbərlər yayanlara münasibətini öyrəniblər:

“Bu, şübhəsiz ki, yaxşı deyil. Meqan və mənim haqqımda yazdıqlarına görə, biz on dəfə əmlak alıb köçdük, on dəfə də boşandıq. Bu cür xəbərləri izləmək çətindir... Ən çox da trollara yazığım gəlir. Onlar nəyəsə ümid bəsləyirlər, sonra isə baş tutmur. Ona görə də onlara yazığım gəlir. Bu, həqiqətən də ayıbdır”, -  Harri ifadə edib. 

Oktyabr ayında Şahzadə Harri və Meqan Marklın Avropada ev aldıqları barədə məlumatlar ortaya çıxıb. İddialara görə, İngiltərə kralı III Çarlz onları 2023-cü ilin martında Vindsordakı Frogmore kottecindən çıxarmaq qərarına gəldikdən sonra cütlük Portuqaliyada 4,7 milyon dollar dəyərində villa alıb.