AŞPA-nın Hüquq və İnsan Məsələləri Komissiyası bu gün və sabah İrəvanda əsas iclasını keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin dövlət-hüquq məsələləri üzrə komissiyasının sədri Vladimir Vardanyan açıqlayıb.
O qeyd edib ki, komitənin iclasında müzakirə olunan məsələlər plenar iclaslara da keçirilə bilər: "Ermənistan Azərbaycanda saxlanılan hərbi əsirlərlə bağlı daim suallar qaldırır. Artıq AŞPA tərəfindən qəbul edilmiş bir sıra hesabatlarda da bu məsələlər öz əksini tapıb. Biz gündəmi formalaşdıra bilmirik, çünki o gündəliyin formalaşmasını bir çox hallarda komitədə müzakirə olunan hesabatlar müəyyən edir. Təbii ki, Ermənistanda keçirilən bu sessiyada biz bu müzakirədən yayına bilməzdik".
O, həmçinin bildirib ki, adətən komissiyaların iclasları bağlı qapılar arxasında və məhdud sayda insanın iştirakı ilə keçirilir, plenar iclaslar isə daha açıq keçirilir: "AŞPA-da hərbi əsirlərlə bağlı məsələləri müzakirə etmək üçün gündəliyin bir məsələsi olmalıdır ki, orada nə etməyi planlaşdırdığınız barədə aydın ifadə olmalıdır: bəyanat, müvafiq qətnamə və ya dinləmələr təşkil etməyi planlaşdırırsınız".
Ağarza Elçinoğlu