Dekabrın 24-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq cari ildə sonuncu səyyar görüş-qəbulunu Haftoni qəsəbə inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. İcra başçısı ilə birgə səyyar qəbulda icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, yerli idarə və təşkilatların nümayəndələri iştirak ediblər.

"Unikal" xəbər verir ki, Taleh Qaraşov səyyar qəbulun əlamətdar günə -  dövlət başçısı cənab İlham Əliyevin  ad gününə təsadüf etdiyini vurğulayıb və lənkəranlılar adından cənab Prezidenti təbrik edib, ən xoş arzularını ifadə edib. 

Cari ildə ikinci və ilin sonuncu səyyar görüşünü Haftoni qəsəbəsinin sakinləri ilə keçirdiyi qeyd edən icra başçısı qəsəbə inzibati ərazi dairəsinin sakinlərinin simasında bütün lənkəranlıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

Ötən səyyar görüşdə qaldırılan məsələlərin icra vəziyyəti barədə Haftoni qəsəbəsinin sakinlərinə məlumat verən Taleh Qaraşov bildirib ki, icra hakimiyyətinin səlahiyyətləri daxilində olan və ədalətli qaldırılan məsələlər müsbət həllini tapıb. Yerli sakinləri narahat edən şəxsi və ümumi məsələləri dinləyən icra başçısı qaldırılan bütün məsələlərin şəxsi nəzarətində olduğunu vurğulayıb, onların həlli istiqamətində müvafiq addımların atılmasını və nəticəsi barədə vətəndaşa qanunamüvafiq müddətdə cavab verilməsinin təmin edilməsini aidiyyəti vəzifəli şəxslərə tapşırıb.

Haftoni qəsəbəsinin, Xanlıqlı və Talışlı kəndlərinin sakinləri onlara göstərilən diqqət və qayğıdan, sərbəst və manesiz müraciət etmək hüquqlarının təmin olunmasından razılıqlarını ifadə ediblər. İnzibati ərazi dairəsinin sakinləri sosial-iqtisadi vəziyyətlərinin günü-gündən inkişaf etdiyinə, məmur-vətəndaş münasibətlərində etimad mühitinin daha da dərinləşməsinə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını qeyd ediblər.