Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı “Qalib Lider İlham Əliyevin yeni idarəetmə modelində gəncliyə və gələcəyə əsaslanmış dəyərlər prinsipi” mövzusunda tədbir keçirib.
"Unikal" xəbər verir ki, əvvəlcə YAP Nərimanov rayon təşkilatının foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə tər-gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin güclü təməllərini atdığı müstəqil dövlətimizin uğurlarının əsasında Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi dayanır. Ulu Öndərin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə mühüm nailiyyətlər qazanılıb, Azərbaycanın iqtisadi və siyasi imkanları genişlənib, qlobal arenada mövqeyi daha da möhkəmlənib.
Təşkilat sədri vurğulayıb ki, Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-dəAzərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Zəfər tariximizin yazılmasında Azərbaycan gənclərinin xüsusi rolu olub.
E.Quliyev diqqətə çatdırıb ki, Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti dövlətimizin gənclərə qayğısını şərtləndirir, hazırda isə bu siyasət Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Gənclər Birliyinin üzvü Emil Aslanlı və YAP Nərimanov rayon təşkilatının əməkdaşı Nərminə Qədirova çıxış edərək müstəqil Azərbaycan Respublikasını tarixin ən böyük nailiyyətlərinə yetirmiş Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində gəncliyə qayğı məsələlərinin mühüm yer tutduğunu qeyd ediblər. Bildirilib ki, bu, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclər siyasətinin müasir dünyamızın reallıqları şəraitində daha böyük əzmkarlıqla davamıdır. Natiqlər vurğulayıb ki, məhz ölkə rəhbəri İlham Əliyevin siyasəti nəticəsində gənclərə öz imkanlarını reallaşdırmaq üçün hər cür şərait yaradılır, onların təşəbbüsləri dəstəklənir, Azərbaycan gənclərinin cəmiyyətdə fəal iştirakı təmin edilir.
Sonra tədbirdə qonaqlar tərəfindən gəncləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının ictimai-siyasi həyatında fəallığı ilə seçilən gənclər təltif olunub və partiyaya yeni üzv olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Sonda xatirə şəkli çəkilib.