Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mənzillərini sataraq dələduzluq və hakerlikdə təqsirli bilinən Rəsulov Mahir Mehman oğlunun Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı yekunlaşıb. 

“Unikal”ın məlumatına görə, 38 nəfərin zərərçəkmiş qismində tanındığı cinayət işində hakim Novruz Kərimov çıxış üçün sözü dövlət ittihamçısına verib. İttihamçı Elvin Mirzəyev bildirib ki, Mahir Rəsulov 26 epizod üzrə 38 nəfərdən cəmi 5 epizod üzrə zərərçəkmişə dəymiş ziyanı ödəyib.

Dövlət ittihamçısı Elvin Mirzəyev Mahir Rəsulovun 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. 

Zərərçəkmiş şəxslərdən bəziləri dövlət ittihamçısının təklif etdiyi qərarla razı olduqlarını bildiriblər. Xatırladaq ki, zərərçəkmişlər arasında şəhid ailələri və qazilər də var. 
Sonra təqsirləndirilən şəxsin vəkili müdafiə nitqi ilə çıxış edərək Mahir Rəsulova 178.3.2- ci maddənin düzgün tövsif olunmadığını bildirib:  "26 epizod üzrə cəmi bir nəfərdə 62 min manat olub ki, o epizod üzrədə 3 nəfər zərərçəkmiş qismində tanınıb".
Məhkəmə prosesi 22 yanvar tarixinə kimi təxirə salınıb.

Qeyd edək ki, Mahir Mehman oğlu Rəsulov özünü İT şirkətinin rəhbəri kimi təqdim edib, vətəndaşları MİDA-nın tikdiyi binalardan asanlıqla mənzil ala biləcəyinə inandırıb. Onun dostu Rəfael adlı şəxs də özünü vəzifəli şəxsin qohumu kimi təqdim edib, 38 nəfərin 300 min manata qədər pulunu mənimsəyiblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət işi başlanıb.

Seymur Əli