Sovet və rus siyasətçisi Viktor Alksnis 74 yaşında vəfat edib.
"Unikal" bu barədə Alksnisin rəhbərlik etdiyi “Qara polkovnik” teleqram kanalında onun qızı İrina məlumat yayıb.
O bildirib ki, dekabrın 30-na keçən gecə atası hemorragik insult keçirib və komaya düşüb. Alksnisə 2019-cu ildə prostat xərçəngi diaqnozu qoyulub.
Viktor Alksnis - aviasiya polkovniki, 2000-2007-ci illərdə Dövlət Dumasının deputatı. 1989-1991-ci illərdə SSRİ xalq deputatı, Latviya SSR Ali Sovetinin deputatı olub. O, Sovet İttifaqının dağılmasının əleyhdarı kimi şöhrət qazanıb, 1991-ci ilin avqustunda SSRİ prezidenti Mixail Qorbaçovun siyasətinə qarşı çıxan Fövqəladə Hallar üzrə Dövlət Komitəsini (QKÇP) dəstəkləyib. Alksnis mediada "Qara polkovnik" ləqəbi ilə tanınır.
1992-ci ilin oktyabrında Alksnis Latviyadan Rusiyaya gedib və ona qarşı “Latviyanın SSRİ-dən ayrılmasına qarşı yönəlmiş deputatlıq və siyasi fəaliyyətə” görə “dövlətə xəyanət” maddəsi ilə iş açılıb. O vaxtdan bəri o, bu ölkədə "persona non-qrata" olub. 2005-ci ildə Alksnis Sevastopolda keçirilən mitinqdə çıxış edərək Krımın Rusiyanın bir hissəsi olması lazım olduğunu bildirdikdən sonra Ukraynaya girişi qadağan edilib. 2022-ci ilin fevralında Alksnis Rusiyanın Ukraynaya hərbi təcavüzünü dəstəkləyib.