“Bakı Metropoliteni” QSC gedişhaqqı tariflərinin qaldırılması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara aydınlıq gətirib.
QSC-dən "Unikal"a verilən məlumatda bildirilib ki, qurumun gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.
“Həmçinin metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb”, - rəsmi məlumatda vurğulanıb.
Bundan başqa, "Bakı Metropoliteni" bəyan edib ki, Cəmiyyət dövri olaraq, aidiyyəti dövlət qurumları qarşısında hesabatlarını, o cümlədən maliyyə hesabatlarını təqdim edir: "Hazırda metro sərnişindaşıma xidməti üzrə tariflərə dəyişiklik edilmədən, 2024-cü il iyul ayının 1-dən qüvvədə olan bir gediş üçün 50 qəpik olmaqla fəaliyyətini davam etdirir. İctimaiyyəti şayiə xarakterli məlumatlara inanmamağa, yalnız rəsmi və etibarlı mənbələrin məlumatlarına istinad etməyə çağırırıq".