Dövlət Dəniz və Liman Agentliyi Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılması məsələsi ilə bağlı açıqlama yayıb.
"Unikal" xəbər verir ki, məlumatda deyilir:
"2024-cü ilin 7 noyabr tarixində "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə quruma məlumat daxil olub.
Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib. Bununla yanaşı, Agentlik tərəfindən Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə Beynəlxalq Dəniz Təşkilatına (BDT), Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib".
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) mətbuat katibi Mehman Mehdiyev bildirib ki, Afrika qitəsində saxlanılan gəmilər ASCO-ya aid deyil:
"Belə hallarda dənizçilər və onların ailələrindən çoxsaylı narahatlıq mesajları alırlar. Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq yaradır".
***
00:29
Azərbaycana məxsus 3 gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Bakupost.az-a uzaq səfərlər kapitanı Səyyar Quliyev məlumat verib.
O iddia edir ki, heyət 2 aya yaxındır ac-susuz girov saxlanılır. Gəminin Bakıdan Ərəbistan yarımadası istiqamətinə yola çıxdığı, havanın küləkli olması səbəbindən Eritreyaya yönəldiyi bildirilir.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Dəniz Administrasiyasının mətbuat katibi Pərvanə İmanova bildirib ki, bu barədə məlumatlıdırlar və məsələ araşdırılır.