Нanvarın 7-si müxtəlif saatlarda Quba rayonu ərazisində baş verən it dişləməsi səbəbilə 3 nəfər xəsarət alıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Unikal"a bildirilib ki, xəsarət alan 3 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“2018-ci il təvəllüdlü oğlana sol yanağın və gicgah çənə nahiyəsinin çoxsaylı cırılmış açıq yarası, 1960-ci il təvəllüdlü qadına burunun kəsilmiş, cırılmış açıq yarası, sağ saidin didilmiş, sıyrılmış yarası, 1959-cu il təvəllüdlü qadına isə sağ əlin 3 və 4-cü barmaqlarının kəsilmiş, cırılmış yarası, sağ saidin arxa səthinin kəsilmiş açıq yarası diaqnozu təyin olunub. 

Zərərçəkmişlərə ilkin zəruri tibbi yardım göstərildikdən və quduzluq əleyhinə vaksin vurulduqdan sonra onlardan iki nəfər - 1960-cı il və 2018-ci il təvəllüdlü pasiyentlər həmin gün Bakı şəhərində yerləşən Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar. 

1959-cu il təvəllüdlü şəxs isə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb”.

***

Qubada küçə itləri 3 nəfərə hücum çəkib. Hadisə Quba rayonunun Qəçreş kəndi ərazisində baş verib.

"Unikal"ın məlumatına görə, küçə itləri kənd sakinləri Zöhr Mərdiyevaya və Raida Salahovaya hücum edib.
Zərərçəkmişlər Quba rayon mərkəzi xəstəxanasında ilk tibbi yardımdan və quduzluq əleyhinə vaksin vurulduqdan sonra paytaxta, Sabunçu Tibb Mərkəzinə göndəriliblər.

Həmçinin Qubada Küsnət Qazma kəndindən olan azyaşlı Məhəmməd Məhəmmədovun da it dişləməsi dioqnozu ilə rayon xəstəxanasına çatdırılıb. Azyaşlıya da quduzluğa qarşı müalicə təyin edilib. 

Xanlar Qaraca