Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetinin (DAU) rektoru professor Hasan Kılıç ilə görüşüb.

"Unikal" xəbər verir ki, görüşdə hər iki universitetin nümayəndə heyəti də iştirak edib. Azərbaycan və Şimali Kipr arasındakı təhsil əlaqələrinin inkişafı, elmi tədqiqatlarda əməkdaşlığın genişləndirilməsi, tələbə-müəllim mübadiləsi, yay məktəblərinin təşkili və birgə seminar-konfranslarının keçirilməsi müzakirə olunan əsas məsələlər sırasında olub.

Rektorlar rəhbərlik etdikləri universitetlərin prioritetləri və inkişaf strategiyaları barədə məlumat verərək bu sahələrdə fikir mübadiləsi aparıblar. Görüşün sonunda AzMİU və DAU arasında qeyd olunan məsələləri əhatə edən əməkdaşlıq memorandumu imzalanıb.

Qeyd edək ki, AzMİU və DAU arasında əməkdaşlıq əvvəlki illərdə də uğurla həyata keçirilib. 2011-2014-cü illərdə AzMİU-nun 70 nəfərdən ibarət tələbə və müəllim heyəti DAU-nun yay məktəbi proqramlarında iştirak edib. 2023-cü ildə isə Beynəlxalq Tələbə Mübadiləsini dəstəkləyən müqavilə çərçivəsində DAU-nun bir tələbəsi AzMİU-da təhsil alıb.

2024-cü ilin fevral ayında Avrasiya Universitetlər Birliyinin (EURAS) İstanbulda keçirilən toplantısında və may ayında AzMİU-nun ev sahibliyi etdiyi görüşdə iki universitet arasında əməkdaşlıq imkanları geniş şəkildə müzakirə edilib.

Bu əməkdaşlıq çərçivəsində gələcəkdə birgə fəaliyyətlərin artırılması və təhsil sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi planlaşdırılır.