Yanvarın 8-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov cari ilin ilk səyyar görüş-qəbulunu Zövlə kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib.
"Unikal" xəbər verir ki, səyyar görüşlərin dövlət başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq keçirildiyini vurğulayan ŞİH başçısının sözlərinə görə, səyyar qəbullar vətəndaşların qayğı və problemlərinin dinlənilməsi, onların həllilə bağlı müvafiq addımların atılmasına xidmət edir.
Taleh Qaraşov vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşması, dövlət qulluğunun xalqa xidmət mənasını ifadə etməsi və qarşılıqlı açıq dialoq mühitinin daha da inkişaf etdirilməsinin müasir dövrün tələbi olduğunu qeyd edib. İcra başçısı bildirib ki, dövlət hər zaman həssas qrupların sosial vəziyyətinin yaxşılaşdırılmasını nəzarətdə saxlayır, onların qayğı və problemlərinin həlli istiqamətində bütün mümkün imkanlarını səfərbər edir.
Səyyar qəbulda yerli insanlar tərəfindən səsləndirilən bütün məsələlərin həlli istiqamətində qanunamüvafiq addımların atılması və nəticəsi barədə vətəndaşa məlumat verilməsi aidiyyəti şöbə və qurumlar tərəfindən nəzarətə götürülüb.
Kənd sakinləri icra başçısı ilə birgə icra hakimiyyəti aparatının məsul şəxslərinin, hüquq mühafizə orqanlarının rəhbərlərinin, yerli idarə və müəssisələrin nümayəndələrinin iştirakının qaldırılan məsələlərin yerində və operativ həllinə zəmin yaratdığını qeyd ediblər.
Zövlə kəndinin sakinləri fikir və istəklərini sərbəst söyləyə bildikləri üçün yaradılan şəraitə görə məmnuniyyətlərini vurğulayıblar. Yerli insanlar çıxışlarında cari ilin əvvəlindən minimum əmək haqqının və ehtiyac meyarının artırılması fonunda maaş və pensiyaların, müavinətlərin artdığını, dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə göstərdikləri xüsusi diqqət nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər və buna görə onlara minnətdarlıqlarını ifadə ediblər.