Prezident İlham Əliyev yanvar ayının 7-də yerli televiziya kanallarına müsahibəsində Ermənistanın silahlanması məsələsinə toxunub. Dövlət başçısı bildirib ki, Ermənistanın silahlanması yeni gərginliyə gətirib çıxaracaq:

"Biz bunu istəmirik. Biz sülh istəyirik. Ermənistan faktiki olaraq bölgə üçün təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar".

Məsələ ilə bağlı "Unikal"a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, yaxın vaxtlarda sülh planı olmasa, bu, hərbi qarşıdurmaya gətirib çıxaracaq:

"Müharibə başa çatıb. Hər iki tərəf dəfələrlə sülh müqaviləsinin imzalanması ilə bağlı bəyanatlar veriblər, hətta vaxt qoyublar. 

Bu gün isə Ermənistanı Fransa və Hindistan silahlandırır. Hazırda Ermənistanın sülh müqaviləsindən kənara çəkilməsində ən böyük rolu Rusiya oynayır. Atəşkəs rejiminin sonuncu dəfə pozulmasının əsas səbəbini Rusiyada görürəm", - deyə o qeyd edib.

Q.Hüseynli əlavə edib ki, Ermənistanla Rusiya yenidən yaxınlaşmaqdadır:

"Rusiya Ermənistanı yenidən şirnikləşdirib. Onlar bölgədə qalmağın yeni bir vasitəsi kimi Ermənistanla münasibətlərin əvvəlki vəziyyətinə, öz istədikləri zəminə gətirmək üçün qüvvələrini sərf ediblər.

Ermənistanda isə bu proses ölkənin baş naziri vasitəsilə getmir. Bu prosesin başında duranlar Robert Köçəryan və Serj Sarkisyandır. Onlar özbaşına sərhəd rayonlarını gəzirlər, həmin əraziləri yoxlayırlar. Azərbaycanın ünvanına təhdidedici fikirlər səsləndirirlər.

Bütün bunlar onu göstərir ki, Rusiya kəşfiyyatının agentləri olan Köçəryan və Sarkisyan həvəslə Rusiyanın tapşırıqlarının yerinə yetirilməsi üçün çalışırlar". 

Murad İbrahimli