Vəzifəli şəxsin evindən külli miqdarda oğurluqda təqsirləndirilən Məmmədova Ruhiyyə İdris qızının məhkəmə prosesinin növbəti iclası keçirilib.

"Unikal"ın məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesinə ilk olaraq "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilən Ruhiyyə Məmmədova məhkəmə prosesində iştirak etməyib. Hakim proses zamanı təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlayıb. Təqsirləndirilən şəxs məhkəmə iclasına gəlməməyini xəstəliyi ilə əlaqələndirib. Həmçinin bildirib ki, vurduğu ziyanın yarısını zərərçəkənə ödəyib, qalanını isə yaxın müddətdə ödəyəcək. 

Hakim təqsirləndirilən şəxsin məhkəməyə üzürsüz səbəbdən gəlməməyini protokola qeyd etdirərək məhkəmə prosesini 21 fevral tarixinə kimi təxirə saldı. 

Cinayət işində zərərçəkən qismində tanınan Əmir Şirinbəyli növbəti dəfə məhkəmə iclasında iştirak etməyib. Onun əvəzinə nümayəndəsi iştirak edib. Anket məlumatlarına görə, Ə. Şirinbəyli dövlət məmurudur.

İttiham aktına görə, Ruhiyyə Məmmədova Əmir Şirinbəylinin evindən 244 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda təqsirli bilinir. 

Qeyd edək ki, təqsirləndirilən şəxs Ruhiyyə Məmmədova  baş vermiş cinayət əməlində özünü təqsirli bilib.

Seymur Əli