Bu gün - fevralın 25-i yazın gəlişini xəbər verən Novruzun ilk - Su çərşənbəsidir.

"Unikal" xəbər verir ki, inanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir.

Bu çərşənbə “əzəli çərşənbə”, “gül çərşənbə” də adlandırılır. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir.

Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.

Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək.

Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.