"Bəşəriyyətin ən qanlı faciələrindən olan Xocalı soyqırımı keçən əsrin sonlarından başlayaraq Azərbaycanın tarixi ərazisi olan Qarabağı özünə birləşdirmək məqsədilə xalqımıza qarşı olmazın vəhşiliklərə əl atan aqressiv və cinayətkar erməni siyasətinin bariz təzahürlərindən biri kimi baş vermişdir. Mahiyyət etibarı ilə, 33 il bundan öncə törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir".

Bunu "Unikal"a açıqlamasında deputat Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu:

"Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın insan azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdi. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular. Xocalı qətliamına ilk dəfə hüquqi qiymət verən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu dəhşətli faciə barədə demişdir: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu.” Bu gün hələ də erməni şovinizmini qidalandırmaqda davam edən bəzi Qərb ölkələri isə, Xocalı qırğınını törədən cinayətkar rejimi dəstəkləməklə özlərini də ifşa etmiş olurlar".

K.Qafarov qeyd edib ki, ermənilərin bu vəhşilikləri xalqımızın iradəsini qıra bilmədi və Azərbaycan bütün şəhidlərinin qanını düşməndən döyüş meydanında aldı:

“Otuz ilə yaxın müddət ərzində bir çox beynəlxalq təsisatlar Qarabağ münaqişəsini guya ki, sülh yolu ilə həll etməyə çalışsalar da, əslində, onların məqsədi bu münaqişəni dondurmaq, Azərbaycana hərbi yolla öz ərazilərini geri almağa imkan verməmək və illər sonra xalqımızı işğal faktı ilə həmişəlik barışdırmaq idi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin sarsılmaz siyasi iradəsi və qətiyyəti bu planları alt-üst etdi. Şanlı ordumuz Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə apardığı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə sayəsində torpaqlarımızın 30 illik işğalına birdəfəlik son qoydu. Bu parlaq Zəfərdən cəmi üç il sonra, 2023-cü ilin 19 sentyabr tarixində keçirilmiş lokal xarakterli antiterror tədbiri nəticəsində isə, Xocalı şəhəri də Xankəndi, Ağdərə, Xocavənd şəhərləri digər qalan ərazilərimizlə birgə separatçılardan birdəfəlik təmizləndi. Həmin ərazilərdə şanlı Azərbaycan bayrağını şəxsən qaldıran möhtərəm dövlət başçımız İlham Əliyev Xocalı qətliamı qurbanlarının və bütün şəhidlərimizin ruhunu şad etdi”.