Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Xətai rayon İcra Hakimiyyətində Xocalıdan olan şəhid ailələri ilə görüş keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xocalıdan olan şəhid ailələri iştirak ediblər. Əvvəlcə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev bildirib ki,1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermiş, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş və misli görünməmiş qəddarlıqlarla və amansızcasına qətliam törətmişdir. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsinə yalnız 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət tərəfindən ilk dəfə siyasi qiymət verilib, Milli Məclisin 1994-cü il 24 fevral qərarı ilə fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilib, dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət olunub.
Ulu Öndər Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla isə hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər həyata keçirilib və bununla bağlı tədbirlər bu gün də ardıcıl olaraq davam etdirilir. Görüşdə Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanının yerdə qalmadığı xüsusi vurğulanıb. Bildidirlib ki, 2020-ci il Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etdi və Xocalı faciəsi qurbanlarının qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Tədbirdə şəhid ailələri çıxış edərək onlara göstərilən diqqətə, qayğıya və yaradılan şəraitə görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçıları Xocalı parkına gələrək faciədə həlak olanların xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüblər.