“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Yunanıstanın Saloniki şəhərində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Xocalıya ədalət!” adlı anım tədbiri keçirilib. Tədbirdə yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
"Unikal" xəbər verir ki, tədbir Xocalı soyqırımı qurbanlarının, eləcə də Vətənin bütövlüyü uğrunda canından keçən qəhrəman oğulların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Giriş sözü ilə çıxış edən “QALA” Cəmiyyətinin sədri Rəşid Məmmədov Xocalı faciəsi haqqında müfəssəl məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti, Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səyləri nəticəsində artıq dünyanın bir çox ölkəsində Xocalı soyqırımının tanındığını diqqətə çatdırıb. Soydaşlarımızı və ictimai təşkilatları beynəlxalq və regional tədbirlərdə, sosial şəbəkələrdə Azərbaycanın haqlı mövqeyini daha da səylə qorumağa çağırıb.
Tədbir zamanı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Xocalıya səfərlərinə, sakinlərlə görüşlərinə də diqqət çəkilib. Qeyd olunub ki, 31 il üzərində qara buludlar dolaşan Xocalı artıq dirçəlir. İnsanların rahat həyat və fəaliyyəti üçün hərtərəfli şərait yaradılır, doğma yurdlarına qayıdan soydaşlarımızın təhlükəsiz yaşaması, onların məşğulluğunun təmin edilməsi, rifah halının yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və bərpası istiqamətində mühüm işlər görülür.
Tədbirin davamında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş videolar və foto sərgi nümayiş etdirilib.
Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqca faydalıdır.